Müxalif Milli Şuranın növbəti sessiyası mayın 3-də Klassik Xalq Cəbhəsi Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək. Şuranın sədri Cəmil Həsənli aprelin 25-də “Media forum” saytına deyib ki, sessiyada ictimai-siyasi vəziyyət, siyasi məhbuslar məsələsi və Milli Şuranın qarşıda duran vəzifələri barədə müzakirələr aparılacaq: “Milli Şuraya üzvlüklə bağlı müraciətlər də var. Ola bilsin, həmin müraciətlərə də baxılacaq”.

Milli Şuranın bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyinə gəlincə, Cəmil Həsənli deyib: “Bu məsələ ilə bağlı ayrıca bir dinləmə nəzərdə tutmuşuq”.

2013-cü ilin iyun ayında yaradılmış Milli Şuranın əsas simaları Cəmil Həsənli, Rüstəm Ibrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Kamil Vəli, Nurəddin Mustafayev, Eldəniz Quliyev, Hacıbaba Əzimov, Rafiq Manaflı, Mehriban Vəzir, Gültəkin Hacıbəyli, Ibrahim Ibrahimli, Vidadi Mirkamal, Fuad Ağayev, Namizəd Səfərov, Leyla Yunus, Mirvari Qəhrəmanlı, Hacı Rövşən Əhmədli, Mehman Əliyevdir.