Menu

"Rusiyanın Qarabağı işğal edəcəyi fantastik fikirdir"

26.04.2014, 11:31
"Rusiyanın Qarabağı işğal edəcəyi fantastik fikirdir"

“Hal-hazırda Rusiyanın Krım və Sevastopoldan imtina etməsi üçün heç bir sanksiya və heç bir təhdid Moskva üçün qorxulu deyil”. Bunu AzPolitika.info-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Valeriy Aqeşin Rusiya politoloqu Stanislav Belkovskinin “Rusiya Krımdan dərhal sonra Dağlıq Qarabağ və Latviyanı işğal edəcək” kimi bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiya heç bir müharibədən və təhlükədən ehtiyyat etmədən, nəyin bahasına olursa olsun Krımı və Sevastopolu əlindən verməmək niyyətlidir:

“Krım və Sevastopol Rusiya üçün artıq millətçilik simvoluna çevrilib. Ona görə də, Rusiya heç vaxt ondan vaz keçməyəcək. Rusiya hazırda var gücü ilə yarımadada öz suverenliyinin bərqərar olunmasını istəyir. Hesab edirəm ki, Rusiya Krımı əldə etmək üçün, Pitalovanı, Peçorını, Kalininqradı və ya Kuril adalarını qurban verər. O zaman NATO bütün Rusiyanın işğalına və qəsdən onu bir çox hissələrə ayırmağa başlayacaq. Bu da böyük və ağır fəsadlara səbəb olacaq. Çünki bu iki nəhəng dövlət bir-biriləri ilə münasibətləri hər zaman gərgin olub və hər zaman onlar öz aralarında müəyyən çəkişmələr aparıb. Lakin Rusiyanın Ukraynadan sonra Dağlıq Qarabağ və Latviyanı işğal etməsi məsələsi fantastik ssenari üzrə qurulmuş fikirlərdir. Əgər belə bir müharibənin başlanacağı nəzərdə tutulsaydı, Moskva Qərbdən özünə sarı müəyyən tərəfdaşlar cəlb edərdi. Misal üçün, Çinin Sibiri koloniyaya çevirməsinə icazə verərdi, İranı nüvə silahı ilə təmin edərdi, Serbiyanı Aİ-na qarşı qızışdırardı və Kosovanın yaxın zamanda geri qaytarılması ilə bağlı aldadıcı informasiya yayardı. Mən bu cür fantastik ssenarilərə inanmıram və Rusiya politoloqu Stanislav Belkovskinin fikirləri ilə razı deyiləm. Ona görə də, bir daha təkrar edirəm ki, Dağlıq Qarabağın və Baltikyani ölkələrin işğalı ilə bağlı yayılan məlumatlar mümkünsüzdür və fantastik ssenaridən başqa bir şey deyil. Çünki bu senarinin reallaşması üçün heç bir geopolitik əsas yoxdur”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol