AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya aviasiyası bundan sonra Suriya ərazisində daimi əsaslarla qala bilər. Uyğun razılaşmaya artıq bu gün Dövlət Dumasında baxılacağı bildirilir. Növbəti həftə isə sənədin Federasiya Şurasında təsdiqlənəcəyi planlaşdırılır.
Rusiya tərəfi Suriya ərazisində öz aviabazasının yerləşdirilməsini müttəfiqin - konkret halda ölkə prezidenti Bəşər Əsədin -dəstəklənməsi ehtiyacı və Rusiyanın təhlükəsizliyinin təmin olunması istəyi ilə əsaslandırır. Bu barədə senat komitəsi sədrinin 1-ci müavini Frans Klintseviç danışıb. O, əmin olduğunu bildirib ki, Dəməşqlə razılaşma Dumada və Federasiya Şurasında ratifikasiya olunacaq.
Ehtimal olunur ki, Xmeymim aerodromu Rusiya hava-kosmik qüvvələrinin daimi bazasına çevriləcək. Məlumdur ki, Rusiya aviasiyası buradan Suriya əməliyyatları çərçivəsində uçuşlar həyata keçirir.
Bu arada beynəlxalq münasibətlər üzrə Duma komitəsi vətəndaş müharibəsi bürümüş bu ölkəyə səfər imkanlarını götür-qoy edir. Komitə sədri Leonid Slutski yaxın aylarda orada səyyar iclasın keçiriləcəyini istisna etmir. Amma Suriya ərazisinin konkret hansı bölgəsində deputatların toplaşacağı barədə məlumat verilmir.
Moskva və Dəməşq arasında bağlanmış müqaviləyə əsasən Rusiya aviasiyası Suriyada müddətsiz və heç bir haqq ödəmədən yerləşdirilir.


Şərhlər