Gürcüstanda seçki məntəqəsinə hücüm olub və Marneuliyə xüsusi təyinatlı polis yeridilib.
Gürcü Arzusu Partiyasının namizədinin tərəfdarları polisə və məntəqə üzvlərinə xəsarət yetiriblər
Okytabrın 8-də Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən 48 saylı məntəqəyə hücum olub. Bu barədə Meydan TV-yə Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev məlumat verib. O, bildirib ki, məntəqəyə hücum edənlər hakim partiyanın namizədi Tamaz Naverianinin tərəfdarları olublar: “Tamaz Naverianinin tərəfdarları Qızılhacılı kəndində məntəqəyə hücüm edib. 100-dən artıq şəxs məntəqə seçki komissiyasının müxalifətdən olan üzvlərini və müşahidəçiləri döyüb. Dava zamanı polis ciddi xəsarət alıb”.
Ə.İmamquliyev bildirib ki, hakim partiya Marneulidə güc tətbiq edərək seçkiləri saxtalaşdırmağa cəhd edib.
Tərəflər arasında gərginlik bir neçə saat davam edib. Polis qarşıdurmanı sakitləşdirə bilməyib. Əraziyə xüsusi təyinatlı dəstə cəlb olunub. Məntəqə seçki komissiyasının üzvləri məntəqədən uzaqlaşdırılıb.
Hazırda Marneuli rayonunun mərkəzində Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları yürüş edirlər.
Ə. İmamquliyev “Facebook” səhifəsində mitinqdən canlı yayım yayımlayıb. Aksiya iştirakçıları “Əhməd”, “Mişa” (sabiq prezident Mixail Saakaşvili nəzərdə tutulur-red.) şüarları səsləndirirlər.
***
Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.
Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış namılum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilir.
Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.
Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.
Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir. Hakim “Gürcü arzusu” partiyasının nümayəndələri 48-ci seçki məntəqəsinin “Vahid Milli Hərəkat” tərəfdarlarının hücumuna məruz qaldığını iddia edirlər. “Vahid Milli Hərəkat” partiyasından majoritar namizəd Əhməd İmamquliyev isə bildirib ki, qarşıdurmaya hakim partiyanın səsvermə zamanı saxtakarlıq törətməyə cəhd etməsi səbəb olub.
Polis hazırda vəziyyəti nəzarətə götürüb.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.



Şərhlər