“Azərbaycanda cinayət və cəza anlayışları mücərrəd xarakter daşıyır”. Bunu AzPolitika.info-ya açıqlamasında tanınmış publisist Mirzə Xəzər “Yeni Müsavat” qəzetinin jurnalisti Fərahim İlqaroğlunun evinin önündə vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda qanunun aliliyi prinsipi işləmir:

“Korrupsiya və rüşvətxorluq həyatın bütün sahələrini bürüdüyü kimi, ədliyyə sistemini, polisi, prokurorluğu, məhkəməni də bürüyüb. Azərbaycanda hər bir vəzifəli şəxs özünü mütləq hakim sayır. Bu səbəbdən özbaşınalıq baş alıb gedir. Azərbaycan jurnalistlər üçün ən təhlükəli ölkələrin sırasında birincilər arasındadır. Bu gün jurnalistlərin döyülməsi və hətta qətlə yetirilmələri, şərlənib həbsə atılması, şantaj edilib susdurulması kimi hallar "normal" hal olub. Bununla yanaşı jurnalistlərin daim təzyiq altında saxlanması düşünülmüş bir siyasətdir. Təzyiq altında olan jurnalist sərbəst yaza bilməz, obyektiv ola bilməz və ən əsası odur ki, siyasi rejimə qarşı mübariz ola bilməz. "Yeni Müsavat"ın əməkdaşına basqının səbəbləri hələ ki, məlum deyil. Amma qətiyyətlə demək olar ki, burada hansısa məmurun və ya səlahiyyətli şəxsin qisasçılığı, jurnalisti susdurmaq cəhdi olduğu aşkardır. Azərbaycanda cinayət və cəza anlayışları məntiqi yerini tutmayınca, qanunun aliliyi təmin edilmədikcə, jurnalistlər, eləcə də azad fikirli hər bir şəxs təhlükə altındadır. Təəssüflər olsun ki, 1988-ci ildə meydanı dolduran milyonlar, 1990-cı il yanvar günlərində sovet tanklarına qarşı dayanan insanlar müstəqil Azərbaycanda belə bir vəziyyətin olacağını ümid etmirdilər. Onlar, azərbaycanlılara layiq bir həyat üçün mübarizə aparırdılar”.

Ülkər Musazadə