AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Brexit»dən sonrakı üç ay ərzində İrlandiya pasportu sifariş edən britaniyalıların sayı iki dəfə artıb. Bu barədə Britaniya qəzeti «Times» yazıb.
Cari ilin iyul ayından sonrakı üç ay ərzində İrlandiya pasportu almaq üçün sifariş verən britaniyalıların sayı 21,5 min nəfərə çatıb. Ötən ilin analoji dövründə belələrinin sayı 11 min nəfər olub. Sözügedən üç ayda sifariş verənlərin təxminən, 16 min nəfəri Şimali İralaniya sakinidir.
İrlandiyanın xarici işlər və ticarət naziri Çarli Flanaqan hesab edir ki, ilin sonuna qədər pasport almaq sifariş verənlərin ümumi sayı 100 min nəfərə çatacaq. Həm də İrlandiya pasportuna tələbat 2017-ci ildə də artacaq.
Qəzet qeyd edir ki, hər 4 nəfər britaniyalıdan biri İrlandiya kökənlidir. İrlandiya vətəndaşı o şəxslər ola bilərlər ki, ya İrlandiya adasında doğulmuş olsunlar, ya da valideynləri irlandiyalı olsun.
İrlandiya pasportuna tələbatın kəskin artmasını müşahidəçilər Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq barədə qərarı ilə bağlayırlar. Bu zaman İrlandiya Avropa İttifaqının üzvü və avrozona dövləti olaraq qalır. Bir çox britaniyalı Avrozona vətəndaşı kimi qalmaq üçün İrlandiya pasportu almağa can atır.
İyunun 23-də keçirilmiş referendumda britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağa səs verib (51,9 faiz). Bu zaman Şotlandiya və Şimali İrlandiya sakinlərinin böyük əksəriyyəti ölkənin Avropa İttifaqında qalmasına səs verib.

Şərhlər