ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Naxçıvana səfəri zamanı xoşagəlməz vəziyyət yaşanıb. Cənab Hoqana və onu müşayiət ednələrin Naxçıvanda nahar etməsi mümkün olmayıb.
Bu barədə Naxçıvandakı mənbədən məlumat almışıq.
Xatırladaq ki, səfər bir neçə gün əvvəl baş tutub. Müvəqqəti işlər vəkili Naxçıvanda bir sıra orqan və təşkilatların nümayəndələri ilə görüşüb.
Məlumatda bildirilir ki, Derek Hoqan səfərində məqsəd Naxçıvandakı seçkiqabağı mühit barədə məlumat almaq və azad, ədalətli seçkilərə dəstək vermək olub.
O, AXCP və Müsavat Partiyası rəsmiləri ilə də görüşüb. Vəkil həmçinin Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşmək istəsə də, amma YAP görüşə gəlməyib.
Yerli fəallarla görüşdən sonra cənab Hoqan və bir neçə nəfər nahar etmək üçün Naxçıvan şəhərində yerləşən «Söyüdlü» restoranına gəliblər. Mənbənin dediyinə görə, hələ səhər tezdən restoranda nahar etmək üçün Söyüdlünün inzibatçısıyla razılaşan səfirlik nümayəndələri nahar vaxtı şoka düşüblər. Nahar ərəfəsi restorana gələnlərə bildirilib ki…yemək yoxdur.
Mənbənin dediyinə görə, həmin vaxt restoranda hamı yeyib-içirmiş. Çox pərt vəziyyətin yarandığını görən yerli fəallar vəziyyətdən çıxmaq üçün çay sifariş ediblər. Bu dəfə onlara bildirilib ki, qaz yoxdur, su gəlmir, lap gəlsə belə ofisiant yoxdur. Səfirlik nümayəndələri və onunla birgə olanlar Naxçıvanı nahar etmədən tərk ediblər.(musavat.com)


Şərhlər