AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Norveç hökuməti əvvəlki fikrindən daşınıb və müstəqilliyinin 100 illik yubileyində Halti dağını Finlandiyaya bağışlamayacaq. Xəbəri «BBC» agentliyi yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə Finlandiyanın milli bayramını bu sayaq qeyd etmək barədə Norveçin təşəbbüsünü dəstəkləyən kampaniya başlanmışdı. Amma Norveçin Baş naziri Erna Sulberq bildirib ki, ölkə konstitusiyası Norveç ərazisinin bir hissəsinin kimlərəsə verilməsini qadağan etdiyi üçün bu təşəbbüsdən imtina etməli olublar.
Söhbət Halti dağ massivindən gedir. Bu dağ boyunca Norveç-Finlandiya dövlət sərhədi uzanır. Amma dağın böyük hissəsi Finlandiya ərazisidir. Dağın 1365 metr olan ən yüksək zirvəsi Norveç ərazisində yerləşir.
«NRK» Norveç telekanalı bildirir ki, sözügedən ideya Halti dağının 1331 metrlik zirvəsinin qonşu Finlandiyaya verilməsini nəzərdə tuturdu. Bunun üçün Norveçin öz sərhəd zolağını 40 metr geri çəkmsi kifayət edərdi. İdeyanın gerçəkləşməsi Norveçə təxminən 0,015 kvadrat kilometr ərazi itkisi gətirərdi.


Şərhlər