Menu

“Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə mitinq təyin edildi

28.04.2014, 18:42
“Nida”çıların həbsinə etiraz məqsədilə mayın 4-nə mitinq təyin edildi

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, yığıncaqda partiya rəhbərliyinin Türkiyə səfəri və Azərbaycan Kültür Dərnəyinin rəhbərliyi ilə görüşü haqqında məlumat verilib. Daha sonra partiyanın Masallı rayon təşkilatında keçirilən ümumi yığıncağın nəticələri barəsində fikir mübadiləsi aparılıb, ümumi yığıncağın Nizamnaməyə uyğun şəkildə keçirildiyi, təşkilat sədrinin, NTK və sərbəst Şura üzvlərinin seçildiyi qeyd edilib.

Divanda 28 aprel – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və ölkənin işğal günü Müsavat Partiyasının qərargahında “Rusiya təhlükəsi və Azərbaycan” mövzusunda ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və ictimai-siyasi xadimlərin iştirakı ilə müzakirələrin keçirilməsi və konsensus nəticəsində qəbul olunan sənəd təqdir edilib. Yığıncaqda Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun Nobel sülh mükafatına təqdim olunması haqqında qərar da yüksək qiymətləndirilib.

Yığıncaqda “N!DA” Vətəndaş Hərəkatı üzvlərinin həbsdə olan 8 üzvünün haqlarının pozulmasına etiraz məqsədi ilə istintaq təcridxanasında həyata keçirdikləri aclıq aksiyasının artıq 12 gün davam etməsinə baxmayaraq Azərbaycan hakimiyyətinin bu məsələyə heç bir diqqət göstərməməsi hakimiyyətin bütün insani normalara zidd olaraq öz vətəndaşına laqeyd və hətta düşmən münasibətinin sübutu hesab edilib.

Divan “Siyasi məhbuslara azadlıq!” şüarı ilə 4 may 2014-cü il tarixində, saat 16:00-dan 18:00-dək Bakı şəhəri Yasamal rayonundakı “Məhsul” stadionunda digər siyasi və ictimai təşkilatlarla birgə mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciətin imzalanması haqqında qərar qəbul edib.

Yığıncaqda jurnalist Rauf Mirqədirovun uydurma ittihamlarla həbs edilməsi pislənilib və bu həbsin azad jurnalistlərə təzyiq olduğu bildirilib. Divan bu həbsdən başqa insanlara qarşı istifadə edilməsi təşəbbüslərini kütləvi repressiya çəhdi kimi qiymətləndirib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun kamera qarşısında döyülməsinə və hadisənin aydın video-görüntülərinə baxmayaraq, bu hərəkəti törədənlərin bir neçə gün ərzində tapılmamasının hüquq-mühafizə orqanlarının bu cinayəti ört-basdır etmək niyyəti kimi dəyərləndirib.

Divan Ukraynanın Rusiya ilə sərhəd rayonlarında son günlərdə baş verən hadisələrin Rusiyanın nəzarətində olan qüvvələr tərəfindən baş verdiyini bəyan edərək, beynəlxalq birliyin Rusiyanın beynəlxalq normalara zidd hərəkətlərinə son qoyması üçün daha ciddi tədbirlər görməsinin vacibliyini qeyd edib.

Divanda Güney Azərbaycanında 21 fevral 2014-cü il tarixində Dünya Ana Dili günü münasibəti ilə keçirilən tədbir zamanı həbs edilən milli fəallar Həmid Mənafi, Əkbər Azad, Əlirza Fərşi, Mahmud Ocaqlı və Behram Şeyxinin Tehran şəhərinin Evin həbsxanasında işgəncələrə məruz qaldığı, həbs olunanların ailə üzvlərinin və yaxınlarının təhdid və şantaja məruz qoyulması pislənilib. Bu faktlara etiraz olaraq milli fəal Yürüş Mehrəlibəyli Təbriz Mərkəzi həbsxanasında aprelin 15-dən aclıq aksiyasına başlayıb.

Müsavat Partiyası Yürüş Mehrəlibəyli ilə birgə Milli fəallar Lətif Həsənli, Şəhram Padmehr, Mahmud Fəzli və Behrud Quluzadənin əsassız ittihamlarla 9 il həbs cəzasına məhkum edilməsi milli azadlıq hərəkatının geniş vüsət almasının qarşısının alınmasına yönəlik hərəkət hesab edib.

Sonda cari məsələlərə baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol