“Ola bilsin ki, o dövrdə MTN-ə işçilər götürülüb”
Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu virtualaz.org saytında “Ərdoğanın məxfi siyahısındakı ikinci adam-Elşad İskəndərov” başlıqlı böyük bir məqalə ilə çıxış edib. Məqalədə E.Fətullayev Türkiyənin aparıcı analitik mərkəzlərindən birinin ekspertinin ona verdiyi bilgilərə istinad edir.
Məqalədə bildirilir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gətirdiyi məxfi siyahıda Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovdan sonra nurçuların ikinci adamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovdur. E.Fətullayev İskəndərovun təsir dairəsində olan adamlarla da bağlı sensasiyalı açıqlamalara yer ayırıb.
Yazıda deyilir ki, Elşad İskəndərov, Elnur Aslanov, gənclər və idman nazirinin indiki müavini İntiqam Babayev, Elçin Əsgərov və digərləri hələ 1990-cı illərin ortalarından, yəni Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının Milli Şurası (GTMŞ) yarandığı günlərdən vahid bir şəbəkə halında qaynayıb-qarışıb: “E.Aslanov, İ.Babayev, Faiq Qürbətov, E.Əsgərov, Əkrəm Abdullayev də daxil olmaqla, bütün bu gənc insanlar faktiki olaraq GTMŞ-ni ”kölgə"dən, Namiq Abbasov MTN-inin kuluarlarından idarə edən E.İskəndərovun təsir dairəsində və nəzarəti altında idilər. Beləliklə, bütün bu şübhəli dəstə birbaşa İsgəndərov tərəfindən idarə edilirdi. Bu dəstə öz-özlüyündə əslində İsgəndərovun siyasi komandası kimi çıxış edirdi və onun icazəsi olmadan heç bir qərar qəbul edə, buna cürət göstərə bilməzdi. İsgəndərov sonradan Əliyevin dövlət aparatına yeridilmiş bu gələcək məmurların faktiki olaraq “xaç atası” idi".
Türkiyə xüsusi xidmətlərinin əməliyyat məlumatına görə, Elşad İskəndərov Elnur Aslanovla birlikdə Azərbaycanda nurçu ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyib hazırlayıblar və onu həyata keçirməyə başlayıblar".
Bu məsələdə adı hallanan sabiq deputat, hazırda “AGBank”ın mərkəzi aparatına rəhbərlik edən Əkrəm Abdullayev iddiaların əksəriyyətini təkzib edib. Aznews.az-a açıqlamasında Ə.Abdullayev deyib ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Təşkilatlarının Milli Şurası yarandığı gündən orda çalışıb: “Şuranın ilk seçilən məsul katibi mən olmuşam və 2004-cü ilə kimi fəaliyyət göstərmişəm. Bu barədə deyilənlər doğrudur”.
Ə.Abdullayev Elşad İskəndərovun təsir dairəsində çalışması ilə bağlı iddialara isə sərt reaksiya verib: “Kiminləsə şəxsi münasibətlərimin olması, onun təsir dairəsinə daxil olmağım anlamına gəlməməlidir. Bu, boş söhbətdir və müəllifin uydurmasıdır. Hökmən qeyd etməliyəm ki, təmsil etdiyimiz təşkilatda Elşad İskəndərovun elə də rolu olmayıb. O, sadəcə olaraq, şuraya daxil olan təşkilatlardan birinin rəhbəri kimi fəaliyyət göstərib”.
Ə.Abdullayev Elşad İskəndərovla dostluq əlaqələrindən də danışıb: “Elşad İskəndərovla biz bir yerdə oxumuşuq. Dostluğumuz tələbəlik illərindən başlayıb. Bir yerdə təhsil almışıq. Universitetdə təhsil aldığımız illərdə, elmi cəmiyyətdə də bir yerdə fəaliyyət göstərmişik. Elşad İskəndərovun sonrakı peşəkar fəaliyyətində isə bizim heç bir əlaqəmiz olmayıb, indi də yoxdur”.
E.Fətullayevin məqaləsində E.İskəndərovun ən gənc yaşlarından KQB-nin əməkdaşı olduğu da yazılır: “Azərbaycan KQB-nin sonuncu sədri Vaqif Hüseynovun ən yaxın tərəfdaşlarından biri, KQB-nin təsərrüfat idarəsinin rəisi, polkovnik Hüseyn İskəndərovun oğlu Elşad İskəndərov hələ gənc yaşlarından Azərbaycan KQB-sində işləyirdi. Hələ tələbə skamyasından özünü gözə soxmağı bacaran, şıltaq və ambisiyalı E.İskəndərov Bakı Dövlət Universitetinin tarix fakültəsinin komsomol katibi olmağa ümid bəsləyirdi. Ancaq onun bəxti gətirmədi, komsomol sovet imperiyası ilə birlikdə çökdü. Bununla belə, o, atasının köməyi ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Xarici Kəşfiyyat İdarəsində işə düzəldi”.
Məqalədə E.İskəndərovun vaxtilə Etibar Məmmədovun alovlu tərəfdarı olduğu, sonra milli təhlükəsizlik nazirinin o vaxtkı birinci müavini Sülhəddin Əkbərin təsiri altına düşdüyü də vurğulanır. Qeyd olunur ki, istənilən halda o, heç vaxt S.Əkbərin analitik düşüncəsinə heyranlığını gizlətmirdi.
Sülhəddin Əkbər isə “Yeni Müsavat”a açıqlamasında Elşad İskəndərovla tanışlığının olmadığını bildirdi: “Ola bilsin ki, o dövrdə MTN-ə işçilər götürülüb. Ola bilsin onlardan biri də o olub. Amma onun atası Hüseyn İskəndərov SSRİ DTK-sının işçisi olub. Mənim işlədiyim dövrdə də Milli Təhlükəsizlik Nazirliyində mən gələnə qədər vəzifədə çalışırdı. Amma şəxsən Elşad İskəndərovla tanışlığım olmayıb”. (Musavat.com)


Şərhlər