«İndi Bakıda vəziyyət elədir ki, Azərbaycandan kənarda olan hər kəsin mühacirət etdiyini düşünürlər»
Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılının ölkədən mühacirət etdiyi xəbəri yayılıb. Bir sıra saytların yerləşdirdiyi məlumatlara görə, R.Hacılı bir ay öncə ölkəni tərk edib və Avropa ölkələrinin birindən sığınacaq istəyib. Məsələyə aydınlıq gətirmək məqsədilə R.Hacılı ilə əlaqə saxladıq. O, barəsində yayılan xəbəri təkzib edərək, bildirdi ki, ölkədən xaricdə olması bir sıra layihələrin reallaşdırılması ilə bağlıdır: «İndi Bakıda vəziyyət elədir ki, Azərbaycandan kənarda olan hər kəsin mühacirət etdiyini düşünürlər. «Moderator.az»ın mənə diqqətinə görə təşəkkür edirəm. Mən doğrudan da Azərbaycanda deyiləm. «Yeni Müsavat» qəzetinə bu barədə demişdim. Bir Schoolarship proqramı üzrə işlərlə məşğulam. Azərbaycan hüquq müdafiəçilərinin fövqəladə vəziyyətdə (elə indi də artıq fövqəladə vəziyyət kimidir) güvənli bir limana sahib ola biləcəkləri yer barədə araşdırmalar aparıram. Bu Çexiya, Bolqariya, Litva, Tbilisi və Türkiyə ola bilər məsələn. Moderator.az saytının baş redaktoru Pərviz Həşimlini bizim vəkil Elçin Sadıqov müdafiə etdiyindən onlar bizim ofisə tez-rez gəlirlər. Ona görə mənim olmadığımdan xəbərləri var. Amma nədənsə mənim olmadığımın səbəbini öyrənməyə çalışmayıblar təssüf. Deyəsən elə bu son günlərdə mən bu saytdan bir reportyora müsahibə vermişdim. Ən azı aprel ayında mən Pərviz Həşimliyə işgəncə verilməsi, onun evində qanunsuz və kobud axtarış aparılması, ailəsi ilə görüşə icazə verilməməsi, həbsinin və həbsdə saxlanmasının qanunsuz olması barədə Avropa məhkəməsinə geniş şikayətini tamamlayıb məhkəməyə göndərmişəm». R.Hacılı bildirdi ki, onun xaricdə olması təxminən bir ay və ya bir qədər artıq çəkə bilər. Onun Azərbaycana dönüşü isə proqram üzrə işlərini nə vaxt bitirəcəyindən asılıdır: «Bundan sonra Bakıya gələcəm, amma sonra yenidən geri dönəcəm. Amma Media Hüquqları İnstitutundakı əsas işlərimin hamısını təbii edirəm. Onlarla işlər Avropa Məhkəməsindədir. Bunlar dayanmır. Ona görə də harada olmağımdan asılı olmayaraq hər bir belə iş üzrə fəaliyyətimi davam etdirirəm».

Şərhlər