Menu

"Azad Rəhimov biznes fəaliyyətindən imtina edib"- Nazirlikdən açıqlama

03.05.2014, 10:32
"Azad Rəhimov biznes fəaliyyətindən imtina edib"- Nazirlikdən açıqlama

Gənclər və İdman Nazirliyi Azad Rəhimovun “saat biznesi”nə aydınlıq gətirdi

ANS telekanalı ilə nazir Azad Rəhimovun “saat çəkişməsi”nə Gənclər və İdman Nazirliyindən də reaksiya gəlib. İki günlük sükutu pozan nazirlik brend saatlarla bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, gənclər və idman naziri artıq bizneslə məşğul olmur və sözügedən butiklər də onun deyil: “Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Azad Rəhimov biznes fəaliyyətindən imtina edib və nazir kimi iş başındadır. Hazırda onun biznesi yoxdur”.

Qeyd edək ki, ANS telekanalının rəhbəri Vahid Mustafayev virtualaz.org-a müsahibə verərək Azad Rəhimovun saat brendlərini ələ keçirməsi fikirlərə münasibət bildirmək istəməyib: “Heç nə deyə bilmərəm. Mən saat biznesi səviyyəsindən çoxdan çıxmışam. O ki qaldı ”brendi ələ keçirmək" məsələsinə, yuxarıda dediyim kimi, Azad Rəhimov mənim dostumdur, rəqibim deyil - nə istəsə, qurbandır!"

V. Mustafayev deyib ki, nazir onu biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham edənləri məhkəməyə verəcəyinə inanır.

Ancaq nazirlik sözçüsü S.Məmmədova deyir ki, onlar heç kəsi məhkəməyə vermək niyyətində deyillər: “Məhkəmə ilə bağlı biz qərar veririk və bu məsələdə məhkəməyə müraciət etməyəcəyik. Heç kimi məhkəməyə vermək fikrində deyilik”. S.Məmmədovanın sözlərinə görə, onlar ANS-i də məhkəməyə verməyiblər: “ANS Hesablama Palatasının təkzibini verdi, buna görə nazirlik məhkəməyə önəm vermədi”.

O, nazirliyin bu cür xəbərlərə və süjetlərə əhəmiyyət vermədiyini və daha vacib məsələlərlə məşğul olduğunu vurğulayıb: “Gənclər və İdman Nazirliyi ”Bakı-2015"ə hazırlaşır. Belə bir mərhələdə bizim üçün bu səpkili məsələlər çox əhəmiyyətsizdir və fiziki cəhətdən onlarla məşğul olmağa vaxtımız yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol