«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federal Antimonopol Xidməti (FAX) hesab edir ki, «Rosneft» tərəfindən «Başneft»in satın alınması barədə sövdəni ləğv etmək üçün heç bir əsas yoxdur. Bu barədə FAX-nin başçısı İqor Artyomov bəyan edib.
«Nəyə görə? Hökumətin bu qərarı tamamilə aydın və qanunauyğundur»-deyə, Artyomov jurnalistlərin «eks-nazir Ulyukayevin saxlanmasından sonra FAX hökumətin bu qərarına yenidən baxmaq fikrində deyil ki?" - sualını cavablandırarkən bildirib.
Məsələ burasındadır ki, Ulyukayev əvvəlcə «Rosneft»in özəlləşdirmədə iştirakının «məqsədəuyğun» olmadığını iddia edib. O, əsas gətirib ki, dövlətin bu şirkət üzərində nəzarəti birbaşa deyil, «Rosnefteqaz» vasitəsilə həyata keçirilir. Ancaq sentyabrın əvvəlində nazir bəyan edib ki, «Rosneft» hüquqi baxımdan «Başneft»ə iddiaçı ola bilər - özəlləşdirmə haqqında qanun buna imkan verir. Nəticədə bu ilin oktyabrında «Rosneft» sözügedən şirkətin nəzarət paketini 329,7 milyard rubla satın alıb.
«Rosneft»in mətbuat katibi Mixail Leontyev bu ərəfədə bəyan edib ki, «Başneft»in satın alınması barədə sövdə yüksək dəqiqliklə işlənib və onu heç bir təhlükə gözləmir.


Şərhlər