Anar İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Azpolitika.info" saytının 18 noyabr 2016-cı il tarixli xəbər buraxılışında dərc olunmuş "Bakıda polislər döyüldü, paqonları söküldü - Ramil Usubova şikayət" sərlövhəli yazıya münasibət bildirib.
Orxan Mansurzadə “AzPolitika.info”ya göndərdiyi açıqlamasında yazır:
[caption id="attachment_42929" align="alignleft" width="300"]
Orxan Mansurzadə[/caption]
"18 noyabr 2016-cı il tarixində yerləşdirilmiş yazıda Bakının Nərimanov rayonunda avtoyuma məntəqəsi işlədən iki ailənin üzvləri arasında insident yaşanması barədə qeyd olunan fikirlər, hadisənin az qala dünən baş verirmiş kimi göstərilməsi yeni bir şey deyil.
Həqiqətən də paytaxtın Nərimanov rayonu Təbriz küçəsi, 94 ünvanında yerləşən, Bakı şəhər sakinləri İbrahimova Nina Nazim qızına və Orucov Coşqun Sevindik oğluna məxsus avtoyuma sexlərinin fəaliyyəti ilə bağlı ötən ilin ortalarından başlayaraq cari ilin yayınadək tərəflər arasında dəfələrlə mübahisə və münaqişəli vəziyyətlər yaranıb, nəticədə əsasən Orucovları təmsil edən şəxslər ən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Maraqlıdır ki, məsələn, sonuncu dəfə qarşılıqlı münaqişələrə və münasibətlərin ayırd edilməsinə nəinki hər iki ailənin üzvləri, hətta onların sahibləri olduqları sexlərin bəzi işçiləri də cəlb olunublar.
Bildiririk ki, İbrahimovların hüquqazidd əməlləri ilə bağlı Orucovların aidiyyatı üzrə polis orqanlarına, DİN-in "102" Xidmətinə, digər instansiyalara ünvanladıqları bütün müraciətlərə qanunvericiliyə uyğun şəkildə baxılıb və hamısı barəsində lazımi tədbirlər görülüb. Nərimanov RPİ İstintaq şöbəsində həmin müraciətlərin ancaq ikisi barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işləri başlanılıb.
Ötən ilin sentyabr və noyabr aylarının sonlarına təsadüf etmiş həmin insidentlərin birincisində Sevindik Orucov yüngül dərəcəli bədən xəsarəti alıb, ikinci mübahisə zamanı İbrahimovların qərəzli xuliqanlıq hərəkətləri nəticəsində isə Larisa Orucova az ağır dərəcəli bədən xəsarəti, Orucovların işçisi Taleh Qasımov və digərləri yüngül dərəcəli bədən xəsarətləri alıblar.
İbrahimovlar ailəsinin bəzi üzvlərinin dindirilməsinin yubadılması barədə Orucovların səsləndirdikləri iddialar həqiqətə uyğun deyil. Hazırda Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Məhkəmə icraçıları ilə polis əməkdaşlarının məcburi gətirilmənin tətbiq olunması zamanı İbrahimovların hücumuna məruz qalmaları barədə yazıda göstərilənlərlə əlaqədar qeyd etməliyik ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Taleh Qasımovun təhlükəsizliyinin təmin olunması barədə qərarın icrası məqsədilə Nərimanov RPİ əməkdaşları tərəfindən 15 aprel 2016-cı il tarixdə profilaktik tədbirlər görülən zaman Anar İbrahimov, Rabiyə İbrahimova və Nina İbrahimova polis əməkdaşlarına da müqavimət göstəriblər. Toplanmış material üzrə Nərimanov RPİ İstintaq şöbəsində CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Anar İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub. Sonra bu cinayət işi CM-in 315.1-ci maddəsinə tövsif edilərək istintaq aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərilib."


Şərhlər