“Hesab edirəm ki, vəziyyət çox mürəkkəbdir və burada nəisə əvvəlcədən proqnozlaşdırmaq çətindir”.
Bunu AzPolitika.info-ya açıqlamasında Rusiyada Konstruktiv Siyasət Mərkəzinin rəhbəri, politoloq Abdul Nağıyev Slavyanskda separatçılarla Ukrayna qoşunları arasında qızışan münaqişənin nə ilə nəticələnəcəyi və bunun Kiyevin gələcək aqibətinə təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, Slavyanskda vəziyyət daha da ağırlaşa bilər: “Əgər separatçılara yardım gələrsə, vəziyyət daha da gərgin hal alacaq. Hətta vətəndaş müharibəsinə keçid ala bilər. Mən Kiyev hakimiyyətinin mövcud vəziyyəti idarə edə biləcəklərinə inanmıram. Burada hər bir halda hərbi qarşıdurmanın olacağına zəmin yaranır. Həmin qarşıdurmaya isə bir tərəfdən Qərb, digər tərəfdən isə Rusiya tərəfindən dəstək veriləcək. İndi isə elə vəziyyət yaranıb ki, tərəflərdən birinin geri addım atacağı gözlənilir”.


Şərhlər