Menu

Növbəti 15-20 ildə Fonda 100 mlrd. dollar vəsait daxil ola bilər - ARDNF

24.11.2016, 11:32
Növbəti 15-20 ildə Fonda 100 mlrd. dollar vəsait daxil ola bilər - ARDNF

Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bütün neft-qaz sazişlərindən 100 mlrd. dollar vəsait daxil ola bilər.

"APA-Economics" xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmat Mövsümov bank forumunda çıxışında deyib.

Onun sözlərinə görə, bu günə qədər isə neft-qaz sazişlərindən Fonda 120 mlrd. dollar həcmində vəsait daxil olub. "Azərbaycanda neft bitməyib, hasilat davam edir. Postneft dövrü dedikdə, biz yeni iqtisadi modelə keçidi nəzərdə tuturuq. 2013-cü ildən başlayaraq neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət öz xərclərini azaltmağa, konsolidasiya etməyə başladı, bu da özünü Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərdə göstərdi. Əgər 2013-cü ildə dollar ifadəsində Fonddan büdcəyə transfertlər 14,5 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 4,7 milyard dollara düşüb, növbəti ildə isə 3,5 milyard dollar ətrafında proqnozlaşdırılır", - deyə Ş. Mövsümov qeyd edib.

Ş. Mövsümov bildirib ki, transfertlərin azalması neftin qiymətindən qaynaqlansa belə, bu, yeni iqtisadi siyasətin göstəricisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol