Bakıda metroda bir nəfər intihara cəhd edib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.
Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. N.Əhmədov stansiyada özünü qatarın altına atıb. "Qatar dərhal dayandırılıb. Xəttdən gərginlik ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Həmin şəxs relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hazırda hadisənin baş vermə səbəbləri araşıdırlır. Qatarların hərəkət intervalında gecikmə yaranıb, gecikmənin aradan qaldırlması istiqamətində iş görülür".
***
Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmotologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.
N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: "Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib".
Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: "Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir".
Hadisə şahidlər bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.


Şərhlər