«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Ankarada bölgələrin hakimiyyət nümayəndələri qarışısında çıxışı zamanı bəyan edib ki, Türkiyənin Suriya ərazisində başladığı «Fərat qalxanı» əməliyyatının yeganə məqsədi terrorçu qruplaşmaları neytrallaşdırmaqdan ibarətdir.
«Əməliyyatın hədəfi hansısa bir ölkə və ya bir nəfər deyil. O, yalnız terrorçu təşkilatların əleyhinə yönəlib. Qoy, heç kim buna şübhə etməsin və bunda başqa məna axtarmasın. Türkiyə, hətta tənha qalacağı təqdirdə belə, terrorçuluqla mübarizəni davam etdirəcək» - deyə, Prezident izah edib.
Bu zaman Ərdoğan qeyd edib ki, ölkəsi bu yolda Qərbin müqaviməti ilə üzləşir.
«Suriya və İraqa yönəlik Türkiyənin siyasətinin Qərbi narahat etməsi o demək deyil ki, onları bu ölkələrin suverenliyi qayğılandırır. Qərb Suriya və İraqın gələcəyinin qayğısına qalmır. Qərb ölkələri ona görə, bu dövlətlərə giriblər ki, burada neft var» - deyə, Ərdoğan qeyd edib.
Prezident əlavə edib ki, Ankara «öz sərhədləri yaxınlığında terrorçu qruplaşmaların möhkəmlənməsinə imkan verməyəcək».
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Türkiyə prezidentlərinin əldə etdiyi razılaşmalar «bütün istiqamətlər üzrə yerinə yetirilir».

Şərhlər