Güney Azərbaycanın Qəzvin şəhərində güclü partlayış baş verib. Musavat.com-un “Associated Press”ə istinadən verdiyi məlumata görə, partlayış anbarda qeydə alınıb. İranın “Fars” agentliyi xəbər verir ki, partlayış nəticəsində 50-yə yaxın adam xəsarət alıb.
“İRNA” agentliyi isə partlayışın neft bazasında baş verdiyi barədə məlumat yayıb. Partlayışdan sonra güclü yanğın başlayıb və hazırda davam edir.
Qəzvin Güney Azərbaycanın ən böyük şəhərlərindən biridir. 330 min nəfərə yaxın əhalisi olan Qəzvin İranın ən vacib sənaye mərkəzlərindən biri sayılır.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə mayın 6-da Bakı vaxtı ilə saat 17:20-də Qəzvin şəhərinin cənubunda Əlborz sənaye şəhərciyində bitki yağlarının istehsalı ilə məşğul olan zavodun anbarında baş verib. Yanğını yalnız 2.5 saatdan sonra söndürmək mümkün olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Yaralılar Qəzvin şəhərinin Şəhid Rəcayi xəstəxanasına qaldırılıbıar. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan Tehrana aparılıb.


Şərhlər