AzPolitika.info Özbəkistan KİV-ə istinadla xəbər verir ki, Özbəkitsanda keçirilən növbədənkənar prezident seçkilərində ölkə başçısının səlahiyyətlərini müvəqqəti həyata keçirən (Baş nazir) Şövkət Mirziyoyev 88,61 faiz səs toplayaraq, qalib elan olunub. Xəbəri Özbəkistan Mərkəzi seçki komissiyasının (MSK) sədri Mirzə-Uluqbəy Abdusalamov yayıb.
«Mirziyoyevə 15 milyon 906 min 724 seçici və ya seçkilərdə iştirak etmiş seçicilərin 88,61 faizi öz səsini verib» - deyə, Abdusalamov bu gün keçirdiyi brifinqdə elan edib.
«Özbəkistan Respublikasında seçkilər haqqında qanunun 35-ci maddəsinə görə, bu, Mirziyoyevi dövlət başçısı elan etməyə əsas verir.
Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-demokratik partiyası - Işgüzar adamlar və sahibkarlar Hərəkatı tərəfindən irəli sürülüb.
Özbəkistanın yeni seçilmiş Prezidenti 1957-ci ildə anadan olub. O, Daşkənd Kənd təsərrüfatının irriqasiyası və mexanikləşdirilməsi institutunun məzunudur. Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi (administrasiya başçısı) olub, Cizak və Səmərqənd vilayətlərinə başçılıq edib. 2003-cü ildən Mirziyoyev respublikanın Baş naziri vəzifəsində çalışıb.


Şərhlər