AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya ilə ərazi probleminə son qoymağa hazır olduğunu bildirib. «Kiodo» agentliyinin verdiyi xəbərə görə, uyğun bəyanatı o, «şimal əraziləri»nin (Yaponlar Kuril adalarını belə adlandırırlar - red.) keçmiş yapon sakinləri ilə görüşü zamanı səsləndirib.
«Mən, yüksək səviyyədə (Rusiya Prezidenti Vladimir Putinlə - red.) danışıqlar aparmaq istəyirəm - ərazi proleminə son qoymaq qətiyyəti mövqeyindən» - deyə, Abe bəyan edib.
Yaponiyanın «Nippon TV» telekanalına verdiyi müsahəbədə Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, Rusiyanın Yaponiya ilə ərazi problemi yoxdur: «Yaponiya özü hesab edir ki, onun Rusiya ilə ərazi problemi var. Amma biz, bunu müzakirə etməyə hazırıq».
Putin onu da qeyd edib ki, Rusiya Yaponiya ilə münasibətlərin tam normallaşmasını istəyir: «Sülh müqaviləsinin olmaması - keçmişdən qalma anaxronizmdir və bu anaxronizm aradan götürülməlidir». Prezident «inam atmosfrerinin yaradılmasına, iki ölkə arasında dostluq və əməkdaşlığın yaradılmasına» çağırıb və əlavə edib ki, «iki ölkə arasında ticari-iqtisadi əlaqələri sözün geniş mənasında inkişaf etdirmək lazımdır».
Rusiya Prezidentinin sözlərinə görə, hazırda Rusiya və Yaponiya arasında münasibətlərin qurulması üçün əsas yoxdur.
«1956-cı ildən başlayaraq - diplomatik münasibətlər bərpa olunduqdan sonra - təəssüf ki, indiyə qədər bizim istəklərimizə cavab verən və günün tələblərinə uyğun münasibətlər qurmaq üçün əlimizdə baza əsasımız yoxdur» - deyə, Putin izah edib.
Rusiya və Yaponiya ötən əsrin ortalarından başlayaraq, fasilələrlə İkinci dünya müharibəsinin nəticələrinə əsaslanan sülh müqaviləsinin işlənib hazırlanması istiqamətində məsləhətləşmələr aparır. Bu məsələdə əsas maneə Kuril adalarının kimə məxsusluğu məsələsidir. İkinci dünya müharibəsinin sonunda bütün Kuril arxipelaqı SSRİ-nin tərkibinə qatılıb. Yaponiya İturup, Kunaşir, Şikotan adalarını və yaşayış olmayan Xabomai adacıqlar sırasını öz ərazisi hesab edir və danışıqlarda bu iddia ilə çıxış edir.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 15-16-da Yaponiyaya rəsmi səfərə gedəcək. Səfər çərçivəsində ilk tədbir Naqatoda - Abenin «kiçik vətəni»ndə keçiriləcək. Gözlənildiyinə görə, növbəti gün Putin Tokioya gedəcək.

Şərhlər