Qışda xəstəliklərlə mübarizə aparmaq üçün daha çox vitamin və antioksidanta ehtiyacımız var. Lakin təəssüf ki, milli mətbəximizin bəzi sevimli yeməkləri nəinki bu ehtiyacları qarşılamır, əksinə sağlamlığımıza ziyan vurur.
Dietoloq Leyla Zülfüqarova musavat.com-a müsahibəsində qış fəslində düzgün qidalanma ilə bağlı maraqlı tövsiyyələr verib:
- Leyla xanım, xüsusən qış fəslində qidalanmada yol verdiyimiz mental yanlışlıqlar hansılardır?
- Azərbaycanda özümüzə xarakterik olan mental yemək adətlərimiz var. Bunların bəziləri yanlış adətlərdir. Biz özəlliklə qış aylarında bunları faydalı hesab edib qəbul edirik. Düşünürük ki, bu, bizi gümrah edəcək, müqavimətimizi artıracaq, soyuqla mübarizədə bizə yardımçı olacaq. Ancaq bu, yanlış düşüncədir. Yeməklərə nəzər salsaq, daha çox xəmir yeməklərinə üstünlük verildiyinin şahidi olarıq, məsələn xəngəl, düşbərə, xəşil, gürzə və sair. Bunlar isə sadəcə bəsit karbohidratlardır. Bunu qəbul etdikdən sonra insan qısa müddətdə yenidən acır və daha kalorili qidalar qəbul edir. Nəzərə alsaq ki, qışda melatonin hormonu güclənir, biz daxildə baş verən proseslər nəticəsində kökəlməyə meyilli oluruq. Bu cür qida səhvləri etsək, daha çox çəki ala bilərik. Digər bir məsələ odur ki, biz bu cür qidaların tərkibində orqanizmimiz üçün lazım olan vitamin və antioksidantları almırıq. Məsələn, bir boşqab xəngəl əvəzində biz bir əl ölçüsündə balıq yesək, bu orqanizm üçün daha xeyirli olar. Çünki balığın tərkibindəki vitamin və antioksidantlar qışda soyuqla mübarizədə bizim birinci köməkçimizdir. Bu maddələri biz xəstələndikdən sonra həblər şəklində qəbul edirik. Lakin xəstələnmədən öncə müqaviməti artırmaq üçün bu cür qidalar qəbul etmək lazımdır. Bu mənada xəmir xörəklərinə üstünlük vermək ciddi səhvdir.
- Ət yeməkləri haqqında da eyni sözləri demək mümkündürmü?
- Bu sırada bir çox ət yeməkləri, əsasən də piti və xaşın adını çəkmək olar. Bu yeməklərə münasibətimiz isə birmənalı deyil. Çünki piti və xaş kimi yeməklərin əsl yeyilmə vaxtı qış aylarıdır. Onlar Azərbaycan mətbəxinin əsas yeməkləridir və onsuz da hamı onları qəbul edir. Bu yeməklər yüksək xolesterol ehtiva etsə də, bişirmə şəklindən asılı olaraq xolesterol azalır və vitamin D ehtiva edir. Məsələn, xaş yedikdə biz daha çox onun jelatinə bənzər hissəsindən bədənimizin kalsium və vitamin D-yə olan tələbatını ödəmiş oluruq. Lakin bir çoxumuz bunu səhv şəkildə edirik. Bir gün ərzində qaynayaraq bişən xaşın yağını götürməliyik. Çünki yağın tərkibində çox proteinlər var. Bişirildikdən sonra xaş dondurulur, onun üzərinə yığılan yağ götürülüb atılmalıdır. Yağsız halda və çörəksiz yeyilən həmin xaşın jelatinə bənzər hissəsi bizim oynaq hərəkət sisteminin, sümük skletinin daha yaxşı inkişaf etməsinə səbəb olur. Xaşın əsas yeyilmə vaxtı qış aylarıdır, lakin intensiv şəkildə yemək olmaz. 3 aylıq qış mövsümü ərzində 3-4 dəfə xaş yemək yetərlidir. Lakin gündəlik olaraq xaş yeyənlər də var.
- İnsan öz qidalanmasını gündəlik iş rejiminə, aktivliyinə necə uyğunlaşdırmalıdır?
- Hazırki dövrdə insanların böyük əksəriyyətinin iş fəaliyyəti oturaq şəkildədir. Bu zaman biz iş rejimimizə uyğun bəsləmə şəklinə keçməliyik. Gündəlik iş rejiminə başlamazdan öncə insan evdən çıxarkən mütləq qəhvəaltı etməlidir. Səhər qəhvəaltı edən orqanizm artıq düzənli şəkildə işə başlayır. Bu zaman günorta mütləq şəkildə insan acır, lakin az porsiyalarla kifayətlənir. Səhər yeməyi yeməyənin acması ilə, qəhvəaltı edən insanın acması fərqli olur. Bu, fizioloji bir haldır. İnsan birinci səhər yeməyini yeməlidir, ortada bir çay fasiləsi verilə bilər. Üçüncü isə mütləq nahar edilməlidir. İş fəaliyyətini bitirən insan evə gəldikdən sonra da doğru-düzgün bəslənməlidir.
- İnsanlar hansı qidalardan uzaq durmalıdırlar?
- Bu, qlobal problemlərdən biridir. İnsanlar əsasən işlənmiş qidalardan, qazlı içkilərdən, tez əldə olunan fast-food qidalardan uzaq dursalar, bir çox xəstəliklərdən uzaq durmuş olarlar. Xüsusən də oturaq işdə çalışanlar, bu enerjini istifadə edə bilməyəcəyi üçün bu üç növ qidadan uzaq durmalıdırlar.
- Qış fəslində orqanizmi daha da gücləndirmək, immuniteti və vitaminləri artırmaq üçün daha hansı bəsləyici qidalara üstünlük verilə bilər?
- Qışda əsasən balıq məhsullarına, bişmiş tərəvəzlərdən ibarət şorbalara və çiy tərəvəzlərə üstünlük verilməlidir. Çiy kələm və çiy kökdən salat hazırlayıb yemək çox faydalıdır. Meyvələrə də üstünlük vermək lazımdır ki, qış aylarında vitamin və antioksidantları qəbul edə bilək.
- İndiki bahalaşma günlərində insanlara daha ucuz başa gələn hansı dadlı və faydalı yeməklər tövsiyyə edə bilərsiniz?
- Bu suala verəcəyim cavab əvvəlki cavabımla ziddiyyət təşkil edəcək. Çünki mən ən çox balıq yeməyi tövsiyyə edirəm. Ancaq bizim ölkəmiz üçün balıq ən bahalı qida sayılır. Avropa ölkələrində balıq bu qədər baha deyil. Ona görə də onlar balıqdan daha çox istifadə edir və daha az xəstələnirlər. Mən son günlərdə Çexiyanın Praqa şəhərində Almaniyada, Fransada oldum. Həmçinin Londonda, Budapeştdə də müşahidələr aparmışam. Avropa ölkələrinin əksəriyyətinin sadiq qaldıqları bir yemək adətləri var ki, hər gün menyularında balıq məhsulları olur. Çörəkdən doğru şəkildə istifadə edirlər. Bizim ölkəmizdə isə bahalaşmaya çox da məruz qalmayan tərəvəzlər var. Gəlin razılaşaq ki, biz bir kiloqram kartof əvəzinə iki kiloqram kələm ala bilərik. Və ya yarım kiloqram çuğundur və bir kiloqram kələm alıb, çox gözəl salat hazırlaya bilərik. Kartof orqanizmimizə sadəcə, biotin maddəsi verə bilər. Ancaq kartofdan çox istifadə bizim mental xəstəliklərimizi artıra bilər.


Şərhlər