AzPollitika.info xarici KİV-ə istinadla xəbər verir ki, çərşənbə günü Yapon dənizindəki Takesima (Tokto) adaları rayonunda hərbi təlim-məşqlərə başladığına görə, Yaponiya hökuməti Cənubi Koreyaya etirazını bildirib.
Qeyd olunur ki, Cənubi Koreyanın hərəkətləri «Yaponiyanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir». Etiraz notası Cənubi Koreyanın Tokiodakı səfirliyinə təqdim olunub.
Bundan əvvəl Takesima adalarında Cənubi Koreyanın hərbi-dəniz qüvvələri (HDQ), həbi-hava qüvvələri (HHQ) və dəniz piyadaları birləşmələrinin iştirakı ilə təlimlər başlayıb. Təlimlərin gedişində, bu ərazilərə düşmən desantı çıxarılması təqdirində, fəaliyyət məşqləri aparılacaq. 1986-cı ildən başlayaraq, burada belə təlimlər ildə iki dəfə həyata keçirilir.
Takesima - ümumi sahəsi 0,188 kvadrat kilometr təşkil edən kiçik adalar qrupudur və Koreya yarımadasının şərqində yerləşir. Koreya Yaponiya işğalından azad ediləndən sonra (1945 il), yaşayış olmayan bu qayalıq ərazi beynəlxalq mübahisə predmetinə çevrilib.
Hal-hazırda adalar Cənubi Koreya silahlı qüvvələrinin nəzarəti altındadır. Tokio təkid edir ki, 1905-ci ildə Yaponiyanın tərkibinə daxil edilmiş bu əraziləri Seul işğal edib. Pxenyan və Seul isə öz növbəsində, bəyan edir ki, sözügedən ərazilər həmişə Koreya dövlətinin tərkibində olub.


Şərhlər