Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb:"Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə heç bir gecikmə yoxdur. Bizə verilən sifarişlərə əsasən Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi geri qaytarılacaq. Çünki qarşıda böyük tədbir yoxdur. Bu səbəbdən sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxmini 100 milyon dollar nəzərdə tutulub. Onlardan 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Böyük hissə açılış və bağlanış mərasimlərinə xərclənəcək".
Xatırladaq ki, ötən ilki Birinci Avropa Oyunları zamanı Atletlər kəndi kimi istifadə olunan həmin çoxmənzilli yaşayış binaları “Azinko” şirkətinə məxsusdur. Həmin binalar çoxdan hazır olsa da oradakı mənzillər satışa çıxarılmayıb, Avropa Oyunları zamanı idmançıların yaşaması üçün icarəyə verilib. Daha sonra şəhərciyin İslam Oyunları üçün uzadılıb. Və indi belə məlum olur ki, “Azinko” həmin binalardakı mənzilləri İslam Oyunlarından sonra satışa çıxaracaq.

Şərhlər