Menu

Roqozin Dnestryanı bölgəni Moskvaya “gətirib”

11.05.2014, 13:38
Roqozin Dnestryanı bölgəni Moskvaya “gətirib”

Rusiya baş nazirinin müavini Dmitri Roqozin Dnestryanı bölgə sakinlərinin Rusiyaya birləşmək barədə müraciətini və bu müraciəti dəstəkləmək üçün toplanan imzaların böyük hissəsini özüylə Moskvaya gətirdiyini açıqlayıb. Yerli media Rusiya mənbələrinə istinadən xəbər verir ki, Roqozin bu imzaların simvolik əhəmiyyət kəsb etdiyini, ancaq Dnestryanı bölgə sakinlərinin Rusiyaya birləşmək niyyətində nə dərəcədə qəti olduqlarını nümayiş etdirdiyini bildirib.

Bundan əvvəl Roqozin Twitter-də yazıb ki, Moldova xüsusi xidmət orqanları Kişnyov aerportunda onun təyyarəsinə baxış keçirərək Dnestryanı bölgə sakinlərinin Rusiyaya birləşməyin lehinə topladıqları imzaların “xeyli hissəsini” müsadirə edib. Roqozinin bildirdiyinə görə xüsusi xidmət əməkdaşları Rusiya səfirliyinin nümayəndələrini təyyarədə aparılan axtarışa buraxmayıblar və imzalar doldurulmuş qutuları naməlum istiqamətdə aparıblar. Onların 30 minə yaxın imzanı götürdükləri bildirilir.

Ancaq Roqozin deyir ki, Moldova xüsusi xidmət orqanları imzaların az hissəsini tapa biliblər: “Dnestryanı respublikanın sakinlərinin imzaları artıq Moskvadadır. Moldova xüsusi xidmət orqanları yükün çox az hissəsini ələ keçirə biliblər. Yükün əsas hissəsinin qayğısına qalmışıq” deyə o, bildirib.

Roqozin Moldova tərəfinin bu hərəkətlərinə görə cavab verməli olacağını bildirib. Xatırladaq ki, Roqozinlə birlikdə Rusiya Dövlət Dumasının bir neçə deputatı və mədəniyyət naziri mayın 8-də Dnestryanı bölgəyə gediblər. Rusiya nümayəndə heyəti geri qayıdanda problemlə üzləşib. Çünki Ukrayna və Rumıniya nümayəndə heyətinin uçduğu təyyarəni ölkənin hava məkanından buraxmayıb.

Ekspertlərə görə Rusiya Ukraynanın ardınca Moldovanın Dnestryanı bölgəsinin məsələsini “həll edəcək” və onu öz tərkibinə birləşdirəcək. Dnestryanı bölgənin separatçıları neçə vaxtdır Rusiyaya birləşmək çağırışları edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol