İcra başçısı ermənilərin atdığı mərminin evə düşməsini təkzib edir
Ağdam icra başçısı Raqub Məmmədov cəbhədə yaranan gərginliklə bağlı Modern.az-a açıqlama verib.
O, hazırda rayonda vəziyyətin stabil olduğunu bildirib. Ermənilərin atdığı mərmi nəticəsində Əhmədağalı kənd sakini Mətləb Əliyevə məxsus evin yanmasına gəlincə, icra başçısı bu xəbəri təkzib edib: “Həmin evdə axşam saatlarında qısaqapanma nəticəsində yanğın baş verib. 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb”.
Qeyd edək ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus iki mərtəbəli evə düşüb.
Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birgə tamamilə yanıb.
Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb.
Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.


Şərhlər