AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyanın eks-baş naziri Devid Kemeron NATO-nun baş katibi ola bilər.
«Daily Mail» nəşrinin yazdığına görə, sabiq Baş naziri Şimali Atlantika alyansının Baş katibi postuna mümkün namizəd adlandırıblar.
Britaniya hökumətindəki mənbələr hesab edirlər ki, Kemeron bir şərtlə NATO-nun Baş katibi postuna daha mümkün namizəd ola bilər ki, Britaniyanın Baş naziri Tereza Mey onun sözügedən posta namizədliyinin irəli sürülməsi təklifi ilə razılaşsın.
Kemeronun namizədliyini onunla izah edirlər ki, Böyük Britaniya ABŞ-dan sonra «hərbi planda nəhəng və daha əhəmiyyətli» NATO ölkəsidir. Beləliklə, rəsmi London üçün öz vətəndaşını NATO Baş katibi postunda görmək xeyli vacib bir məsələdir. Bunda isə məqsəd Avropanın təhlükəsizliyi məsələsində Britaniyanın daha böyük rol oynadığını və «Brexit»-dən sonra müttəfiqlərinə özünün əhəmiyyətini bir daha nümayiş etdirməkdən ibarətdir.
Britaniya nazirlərindən birinin sözlərinə görə, Kemeronu «Britaniya üçün savaşmağa inandırmaq» lazımdır. Çünki bu postda o, «çox şeylər» təklif edə bilər.
Xatırladaq ki, noyabr ayında Şimali Atlantika alyansının Baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, ABŞ NATO-ya yönəlik münasibətini dəyişməməlidir.
Beləliklə, Kemeronun NATO Baş katibi postuna təyinat alması heç şübhəsiz ki, Türkiyə-NATO münasibətlərini bir qədər də soyudacaq. Yada salaq ki, məhz Kemeron bir müddət əvvəl söyləmişdi ki, 3000-ci ilə qədər Türkiyə Avropa İttifaqının üzvü olmayacaq. İndidən söyləmək olar ki, bu mövqedən çıxış edən Kemeron, Türkiyəni NATO-dan da uzaqlaşdırmaq üçün əlindən gələni edəcək.

Şərhlər