Vidadi İsgəndərli: “Onların Ziya Məmmədovun qanunsuz silahlı birləşmələrinin üzvü olduğunu ehtimal edirəm...”
“Gecəyarısı idi. Mobil nömrəmə gizli nömrədən zəng gəldi. Danışan adam dedi ki, sənə demişdik ki, Ziya Məmmədovun adını çəkmə, düş aşağı, bax, başına nə oyun açacağıq. Pəncərədən baxdım ki, 7-8 nəfər idmançı görkəmli şəxslərdir”.
Bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib. Onun sözlərinə görə bundan sonra Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinə zəng vurub. Evinə əməliyyatçılar gəlib: “Hüquq mühafizə orqanı əməkdaşları evimə gəlincə həmin şəxslər qaçıb getdilər. Onların Ziya Məmmədovun qanunsuz silahlı birləşmələrinin üzvü olduğunu ehtimal edirəm. Son 1 ildə mən ən müxtəlif formada təhdidlər olub.
Qarşımı 2 idmançı kəsərək ölümlə hədələyiblər. Tələb ediblər ki, Ziya Məmmədovun və başqa nazirlərin adını çəkməyim. Bu il fevralın 14-də mətbuatda ”Korrupsiya kralı - Ziya Məmmədov" başlıqlı yazım çıxdı. Bundan sonra da mənə dedilər ki, Ziya Məmmədov haqda açıqlamaları dayandır. Mayın 12-də Ziya Məmmədovu və başqa nazirləri mətbuatda tənqid etdim. Yenə də mənə naməlum nömrələrdən zənglər gəlməyə başladı. Hüquq mühafizə orqanları istəsələr, zəng edən şəxslərin kimliklərini müəyyən edə bilərlər".
V.İsgəndərli onu da əlavə elədi ki, DİN rəhbərliyindən həmin şəxslərin müəyyən edilərək saxlanılacağını söyləyiblər.

Şərhlər