Baha qiymətə icarəyə verilən obyekt sahiblərinin gəlirlərini vergi orqanları “görmür”, icarəçilərin qazandıgı qəpik-quruşu isə mikroskopla axtarır
Sözsüz ki, hər bir normal ölkə və onun hökuməti milli valyutasının həddən artıq dəyərdən düşməsinə və idarə olunmayan (bunu xüsusi qeyd etmək lazımdır) inflyasiyaya yol verməmək üçün əlindən gələni etməlidir. Lakin bu tədbirlər şəffaf iqtisadi və biznes məkanına malik olan ölkələrdə effekt verə bilər. Təəssüf ki, Azərbaycan kimi kölgə iqtisadiyyatının az qala 50%-dən çox xüsusi çəkiyə malik olduğu dövlətlərdə inhisarçılıq, gömrük və vergi özbaşınalığı, sərt monetar siyasət və istehlak kreditləri ilə bağlı qoyulan şərtlərin sərtləşdirilməsi əks effekt verir.
Bunun gözlə görünən nəticəsini görmək üçün uzağa getmək lazım deyil. Bakının mərkəzi küçələrində üzərində ”icarəyə verilir” sözləri Azərbaycan dililə yanaşı rus və ingilis dilində də ifadə olunan lövhələrin asıldığı obyektlərin sayının günbəgün həndəsi silsilə ilə artmasını müşahidə edə bilərsiniz. Bir vaxtlar sahibkarların gündüz çıraqla axtardıqları kirayə ticarət və iaşə obyektləri bu gün sahibsiz qalıb. Daha doğrusu sahibləri var və mərkəzdəki obyektlərin sahiblərinin hansı zümrəyə aid olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Lakin bu obyektləri icarəyə götürüb işlədənlərin sayı günbəgün azalır ki, bu da bir neçə səbəblə bağlıdır.
Baha qiymətə icarəyə verilən obyekt sahiblərinin çoxu məmurlardır

Məmurlar harınlıqlarını obyektlərini icarəyə verərkən də göstərirlər

Vergi orqanları nədən obyekt sahiblərinin deyil, icarəçilərin “boğazından yapışır”?
İndiyə qədər hansısa bahalı obyekt sahibinin icarə haqqına görə ödənməli olan vergidən yayınması ilə bağlı cinayət işi açılmasına rast gəlmisinizmi? Xeyr, gəlməyəcəksiniz də!
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, belə obyektlərin sahibləri təsadüfi adamlar deyillər və əksəriyyəti hakimiyyətdə yüksək postlarda təmsil olunur, ya da güclü himayədarları var.
İkincisi, belə obyekt sahibləri ilə icarəçilər arasında bağlanan hansı icarə müqaviləsini qaldırıb baxsanız görəcəksiniz ki, qanuna görə təyin olunan icarə haqqından 14% gəlir vergisinin ödənməsi icarəçinin üzərinə qoyulur. Halbuki, yazıq iş adamı onsuz da yüksək icarə haqqı və vergi orqanları başda olmaqla, müxtəlif qurumların təyin etdiyi qanuni və qanunsuz vergilərin boyunduruğu altında çabalayır. Bir tərəfdən də bu 14%-in ona yüklənməsi onsuz da bir neçə növ(!) vergi ödəyən iş adamını məcbur edir ki, min cür yalvar-yaxarla rəsmi icarə sənədindəki məbləğin real ödədiyi icarə haqqından dəfələrlə və hətta 10 dəfələrlə aşağı qiymətlə yazılmasını icarədardan xahiş etsin. O da min nazi-qəmzədən sonra buna razı olur və “bir problem çıxsa mənlik deyil“ deyə xəbərdarlıq da edir. Və bütün məsuliyyət də notariusların standart olaraq hazırladığı müqavilələrdə bir qayda olaraq icarəçinin üzərinə qoyulur. Özü də bunu vergi orqanları da çox gözəl bilir. Lakin əksər obyekt sahiblərinin həndəvərinə belə dolaşa bilmirlər. Çünki qanun da, mülkiyyət də, güc də belələri üçün yaranıb və heç kim onlara bir söz deyə bilməz. Hansı ki, bu problemi sadəcə, qanunda icarə haqqına görə gəlir vergisinin yalnız və yalnız obyekt sahibi tərəfindən ödənməli olduğuna dair dəyişikliklə həll etmək olar. Bu zaman icarədar qazandıgı məbləğin 14%-ni dövlətə keçirəcək. Əlbəttə ki, bununla da kasıblaşmayacaq... Ancaq bu mümkün deyil, çünki bu qanunları qəbul etməli olanların özlərinin və yaxınlarının aksəriyyətinin belə obyektləri var! Kim oturduğu budaga balta çalar?
Nəticədə nə olur? Real icarə haqqı gizlədilir, icarədar yenə öz haqqını alır, vergi orqanları icarə məbləğinin kiçik göstərilməsinə görə obyekt sahibini deyil, icarəçini sıxır və cəzalandırır, dövlətə isə həmin min və onminlərlə hesablanan icarə haqlarına görə rəsmi olaraq, qəpik-quruş ödənilir.
Bir sözlə, bir çox sahələrdə olduğu kimi, haqqında danışdıgımız bu sahədə də anormal vəziyyət hökm sürməkdədir. Lakin az da olsa təsəlli verən bir şey var. İflic vəziyyətinə düşmək üzrə olan kiçik və orta sahibkarlığın bu durumuna görə bir təpik də bahalı obyekt sahiblərinə dəyir. Paytaxtın mərkəzi küçələrini dolaşsanız, tez-tez rast gəldiyiniz çoxlu sayda üzərində ”icarəyə verilir” yazılmış obyektlərin arxasında duran imkanli məmurların itirdikləri min və onminlərlə vəsaitə görə keçirdikləri hisləri təsəvvür edərsiniz...
CƏLAL
“Azpolitika”

Şərhlər