Ukrayna Prezidenti Volodimir Zelenski 43 yaşlı general-mayor Mixail Drapatını Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin edib. O, məlum qalmaqaldan sonra istefa verən Aleksandr Sırskinin yerini tutacaq.

Sırski 2024-cü ilin fevral ayından Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı olub. O, bu vəzifəni Valeri Zalujnının istefasından sonra tutub.

İyul ayının ortalarında Volodimir Zelenski Yuliya Svırıdenkonun hökumətini istefaya göndərib. Bu zaman Baş nazirlə yanaşı, yanvar ayında bu vəzifəyə təyin olunmuş Müdafiə naziri Mixail Fyodorov da vəzifəsindən azad edilib. Fyodorov daha sonra Sırski ilə münaqişəsinin olduğunu açıqlayıb. Sabiq nazirin dediyinə görə, o, hətta Zelenskiyə Sırskini vəzifədən azad etməyi təklif edib, lakin Prezident bundan imtina edib.

Fyodorovun müdafiə naziri vəzifəsindən istefası Ukraynanın bir çox şəhərlərində etirazlara səbəb olub. Etirazçılar Fyodorovun qayıdışını, Sırskinin istefasını və orduda islahatların aparılmasını tələb ediblər. Medianın yazdığına görə, Zelenskinin yaxın çevrəsində belə bir ictimai etiraz gözləməyiblər.


"Financial Times" qəzeti Zelenskinin Fyodorovu hökumətə qaytarmağa çalışdığını və ona müxtəlif vəzifələr təklif etdiyini yazıb. Lakin o, yalnız müdafiə naziri vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib. Sırskinin istefası elan edilməzdən qısa müddət əvvəl Ukrayna Prezidenti yenidən Fyodorovla görüşüb.

Zelenskinin sözlərinə görə, o, Fyodorova "dövlətimizin texnoloji komponentini birləşdirməyə imkan verəcək hökumətdə hörmətli bir vəzifə" təklif edib. Lakin bu vəzifənin dəqiq nə olduğu və ya Fyodorovun onu qəbul etməyə razı olub-olmadığı məlum deyil. Nəticədə Müdafiə naziri postu SBU rəhbəri Yevgeni Xmaraya tapşırılıb.

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı vəzifəsinə namizədlər siyahısında 11 nəfərin adı olub. Lakin sonda Drapatının üzərində dayanılıb.


Gözlənilir ki, Drapatının təyinatı, son günlərdə Ukrayna şəhərlərinin küçələrinə çıxan etirazçılar tərəfindən müsbət qarşılanacaq. Çünki o, həm də Fyodorovu dəstəkləməsi ilə tanınır…

Drapatıy gənc nəsil Ukrayna zabitlərindəndir. O, taktiki innovasiyaya, dronların istifadəsinə və şəxsi məsuliyyətə böyük əhəmiyyət verən cəbhə komandiri kimi tanınır. Onun uzun və təltiflərlə dolu hərbi karyerası var. Bir general kimi Ukraynada və xaricdə hörmətlə qarşılanır.

2004-cü ildə Xarkov Tank Qoşunları İnstitutunu bitirdikdən sonra Drapatıy Ukrayna ordusunun 72-ci briqadasında xidmət etməyə başlayıb. O, 2014-cü ildə mayor rütbəsinə çatıb və həmin il Mariupolda separatçıların barrikadalarını yararkən məşhurlaşıb. Belə ki, məşhur videoların birində məhz Drapatının piyada döyüş maşını separatçıların qurduğu barrikadaları yararaq keçir və faktiki olaraq, bir neçə saniyə havada uçur. Bundan sonra bölgə separatçılardan təmizlənir.


2022-ci ilin fevral ayında Rusiyanın tammiqyaslı işğalının başlamasından sonra o, Krivoy Roqda Rusiyanın hücumunun dayandırılmasında iştirak edib və Xersonu azad edən əks-hücumun komandirlərindən biri olub. 2024-cü ildə Drapatıy Ukrayna qüvvələrinin Xarkov bölgəsindəki Rusiya hücumuna cavabını təşkil edib.

2025-ci ilin yanvar ayında Zelenski generala Donetskdə döyüşən bölmələrə şəxsən rəhbərlik etməyi tapşırıb. Bu qərar həm şərqdə Ukrayna qoşunlarının üzləşdiyi çətin vəziyyəti, həm də prezidentin ona olan etibarını əks etdirirdi.

Zelenski o dövrdə verdiyi açıqlamada "Drapatıy Xarkov istiqamətində müdafiəni uğurla təşkil etdi və Rusiya qoşunlarının hücum əməliyyatını dayandırdı" demişdi.

Mixail Drapatıy Rusiya ilə Ukrayna arasında Böyük Müharibənin başladığı dövrdə Ukrayna ordusu Birləşmiş Silahlı Qüvvələrinin komandir müavini idi. 2024-cü ilin noyabr ayında o, Ukrayna Quru Qoşunlarına komandan təyin edilib. Lakin, 2025-ci ilin iyun ayında Rusiyanın Dnepropetrovsk bölgəsindəki təlim bölməsinə raket zərbəsindən sonra istefa verib. Həmin vaxt zərbə nəticəsində 12 hərbçi həlak olub, 60-dan çox hərbçi yaralanıb. Drapatıy baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib: “Bu, əsgərlərimizin ölümünə səbəb olan 239-cu təlim poliqonunda baş verən faciəyə görə şəxsi məsuliyyət hissimdən irəli gələn şüurlu bir addımdır. Komandir olaraq əmrlərimin icrasını tam təmin edə bilmədim. Təzyiq göstərə bilmədim, inandıra bilmədim, sıradakı insanlara münasibəti dəyişdirə bilmədim. Bu, mənim məsuliyyətimdir... Heç kimin itkilərə görə məsuliyyət daşımadığı bir ordu daxildən ölür”.

Daha sonra o, Ukrayna ordusu Birləşmiş Qüvvələrinin komandanı oldu. Bu gün isə artıq Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanıdır. Təyinatından sonrakı ilk çıxışında Mixail Drapatıy Ukrayna Prezidentinə təşəkkür edib və eyni zamanda sələfi Sırskinin nailiyyətlərini qeyd edib: "Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskiyə Ukrayna ordusunu gücləndirmək üçün ardıcıl işinə görə minnətdaram. Mən bu ordunun içində böyümüşəm".

Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Ordusunun keçmiş baş komandanı Valeri Zalujnı da Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının dəyişməsi ilə bağlı şərh verib: "Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı üçün çox çətin olacaq. Təsəvvür etdiyindən daha çətin…”

Hər necə olsa, Drapatının təyinatı ilə Ukrayna öz ordu rəhbərliyindəki böhranı atlatmış kimi görünür və ən azından ağır müharibə şəraitində olan ölkənin ordusunun başına xalq arasında popular olan generallardan birinin gətirilməsi güclü gediş sayıla bilər…

Cəlal Məmmədli

“AzPolitika.info”