İŞİD terrorçularının İstanbuldakı terror aktında iştirakı barədə bəyanatları həqiqətə uyğun ola bilər, çünki hücum edən şəxs əvvəllər sınaqdan keçirilmiş sxem üzrə fəaliyyət göstərib.
Virtualaz.org xəbər verir ki, bunu “Federal xəbərlər agentliyi”nə Rusiya Xarici Kəşfiyyat İdarəsinin veteranı, böhran vəziyyətləri üzrə ekspert Lev Korolkov deyib.
Mütəxəssisin fikrincə, “Reina” gecə klubuna hücum zamanı İŞİD terrorçuları özünü doğrultmuş taktikadan istifadə ediblər: insanların kütləvi toplaşdığı yerdə əlində avtomat olan şəxs peyda olur, kütləyə atəş açır və gizlənməyə çalışır. Oxşar ssenari 2015-ci ildə Parisdə də həyata keçirilmişdi.
“Bu, islamçı radikalların aşkar dəst-xəttidir. Sadəcə olaraq, kürd silahlıları hücumlarının obyekti kimi hərbçiləri və polis əməkdaşlarını seçirlər, burda isə hədəf İstanbulun varlı adamları və turistlərdir. Hücum üçün seçilmiş obyekt də az əhəmiyyətli deyil – islamçılar üçün günah mənbəyi sayılan gecə klubu. Hadisənin rezonans doğurmasının digər səbəbi isə atəşin siyasi və hərbi peoseslərdə heç bir rolu olmayan insanlara açılmasıdır”, - Korolkov deyir.
Ekspert onu da vurğulayır ki, Türkiyədəki təhlükəsizlik tədbirlərinin zəifliyini bəhanə gətirmək axmaqlıqdan başqa bir şey deyil. Ölkə lap yaxınlarda dövlət çevrilişi cəhdini yaşayıb və çox ola bilsin ki, güc strukturlarında hələ də Fətullah Gülənin tərəfdarları qalmaqdadır.
“Ölkədə təhlükəsizliyin təmin edilməsi, doğrudan da, mürəkkəb işdir və Ərdoğanın yerində olsaydım, vəziyyəti daha da gərginləşdirməzdim. Bu cür tədbirlər onunla nəticələnə bilər ki, artıq heç kim gecə klublarına və digər əyləncə məkanlarına ayaq basmayacaq. Bundan əlavə, yüksək səviyyəli təhlükəsizlik tədbirləri hətta ölkə miqyasında belə həddən artıq məsrəf tələb edən işdir. Xeyli sayda peşəkar və mümkün risklərin qarşısını ala biləcək yüksək ödəniş tələb olunur. Buna görə də, bu cür terror aktları təkrarlana bilər və çox güman ki, təkrarlanacaq da”, - xarici kəşfiyyat idarəsinin keçmiş əməkdaşı bildirir.
O ki qaldı rusiyalı turistlərin Türkiyəyə səfərlərinə, Korolkovun fikrincə, bunları məhdudlaşdırmaq yersiz olardı: “Onsuz da heç kim qulaq asmayacaq, əksinə, bununla Ankara ilə yenicə qaydasına düşən münasibətləri korlamaq olar”.


Şərhlər