Türk kökənli olmayan Pakistanın Soma faciəsinə görə rəsmən matəm elan etməsi bizi utandırmalıdır
Türkiyədə baş verən Soma faciəsindən foto və videoları izləmık olduqca ağırdır. Xüsusilə hətta ağılar da sənin dilində deyilirsə. Qəza baş verən mədəndən ata ilə oğulun cəsədinin birlikdə çıxarıldığı səhnəni izləmək üçün insanın beş ürəyinin olması belə yetməz. Bəs bu dəhşəti yaşayanların bizə ən yaxın və ən çox güvəndiyimiz toplumun, millətin, xalqın nümayəndələri olmasını heç düşündükmü? Doğrudur, dövlət olaraq, müəyyən dərəcədə bu acını paylaşdıq. Ancaq baş nazirin müavini Abid Şərifovun Türkiyə səfirliyini ziyarət etməsi və səmimi olaraq, ağlaması ilə yetməz. Rəsmi başsağlıqları da heç nə həll etmir, çünki belə başsağlıqlarını Türkiyəni sevməyənlər də göndərir. Bunları bir kənara qoyaq.
Məsələ ondadır ki, Şimali Kipr və Pakistan rəsmən matəm elan ediblər. Şimali Kipr Türk Cümhuriyyətini anladıq, amma türk kökənli olmayan Pakistanın matəm elan etməsi bizi utandırmalıdır. Ancaq digər tərəfdən də, şadlıq evlərinə işğal olunan torpaqlarının adını qoyan bir cəmiyyətdən nəsə ummaq da doğru deyil. Adam bilmir özünü söysün, yoxsa onu bu günə qoyanları...
Türkiyənin baş naziri isə səmimi olmadığını bir daha göstərdi. Heç bir siyasi partiya bu hadisədən istifadə etmədiyi halda Ərdoğan yenə faciəni siyasiləşdirdi və hətta faciə qurbanlarının yaxınlarına əl qaldırdı.
Azərbaycanda heç bir telekanal, qəzet və ya sayt bu faciəni manşetinə daşımadı. Türkiyə telekanallarında növbəti cəsədin çıxarılması barədə xəbərə paralel olaraq, bizim telekanalizasiyalarda (bu yerdə bunlara bu adı qoyanların alnından öpmək istəyirsən) Azərbaycanda keçirilən hansısa sərgidə qiyməti 65 min dollara olan motosikl və dəyari 100 minlərlə ölçülən yaxtanın təqdimatı barədə şit bir reklam yüklü xəbər verilirdi. Hansı ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə az qala düşmən münasibətində olan Kiprin aparıcı qəzetlərinin manşeti “Acınızı paylaşırıq” olub. Azərbaycandakı hakimiyyət qəzetlərini başa düşdük. Heç müxalifyönümlü sayılan media qurumları da bu xəbəri masnşetə daşımadı. Azərbaycana aidiyyatı olmayan gic-gic hadisələrdən canlı yayım yapan telekanalların hansı Somaya müxbir və operator göndərib, oradan canlı yayım təşkil etdi? Doğrudur, Türkiyə mətbu orqanları da Azərbaycana qarşı bir o qədər diqqətli görünmür. Ancaq qoy olsun, onlar avropalaşıb, nə bilim nələşib, özləri bilər. Tutaq ki, onlar manqurtlaşıb, bəs bizə nə olub? İstəsək də, istəməsək də, güvənəcəyimiz, umacağımız başqa birisi yoxdur! Atatürk “türkün türkdən başqa dostu yox” deyəndə bəlkə də bu günləri görürmüş. Ancaq bizdə yalnız hakimiyyətlər dost görünür. Xalq olaraq aramızda nifrət daha sürətlə yayılır, nəinki səmimi qardaşlıq və dostluq. Ərdoğan kimi öz xalqına yuxarıdan aşağı baxıb, seçkidə hansı yolla olursa olsun qələbə qazanıb, onun kimi düşünməyənləri xain elan edənlə necə qardaş olasan? Bunun Türkiyədəki... qardaşlarının da hansının ayaqqabı qutusuna baxsan milyonlarla dollar çıxar! Ancaq bizlərin əsl və sadiq qardaşlarımız bir tikə çörəkpuluna çalışan və mədəndə boğulan məsum insanlardır. Allah onlara rəhmət eləsin! Türkiyədə tayı bərabəri olmayan mərhum Aşıq Veysəlin sanki bu rəhmətliklərə həsr etdiyi bəstəsində deyilir - “Benim sadık yarim kara topraktır...”
CƏLAL
“Azpolitia”


Şərhlər