AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Konqresi önləyici nüvə zərbəsini Prezident Donald Trampa qadağan etmək istəyir. Bu məqsədlə «Nüvə silahının ilk olaraq tətbiqinin məhdudlaşdırılması» adlı qanun layihəsi Konqresə təqdim olunub. Bunun sayəsində digər ölkələrlə münaqişə risklərinin aşağı salınacağı düşünülür.
«Bu qanun, Konqres tərəfindən müharibə elan olunmayana qədər, Prezidentə birinci olaraq nüvə zərbəsi endirməyi qadağan edəcək. «Birinci olaraq tətbiq» problemi hazırda kritik vacib məsələyə çevrilib. Belə ki, Prezident Donald Tramp istənilən vaxt nüvə müharibəsinə başlamaq hüququna malikdir» - deyə, qanun layihəsinin müəlliflərindən biri, demokrat-senator Edvard Marki izah edib.
Siyasətçi qeyd edib ki, hazırda ABŞ Prezidentinin birinci olaraq nüvə silahı tətbiq etmək hüququ var. Onun sözlərinə görə, artıq Tramp terrorçularla mübarizədə bu imkandan istifadə edilə biləcəyi barədə xatırlatma ilə çıxış edib.
«Nüvə silahına malik digər dövlətlə böhran zamanı belə siyasət, nəzərdə tutulmamış nüvə qarşıdurması risklərini əhəmiyyətli dərəcədə artırır. Nə Prezident Trampa, nə başqa prezidentə nüvə silahından istifadə etməyə icazə verilməməlidir (nüvə hücumuna cavabdan başqa)… » - deyə, Marki qeyd edib.
«Qlobal sabitliyi saxlamaq üçün Konqres, ABŞ-ın ilk olaraq nüvə silahından istifadə etmək şəraitini məhdudlaşdırmaq istiqamətində fəaliyyətə keçməlidir» - deyə, sənədin digər həmmüəllifi, konqresmen Ted Lyu əlavə edib. O, Trampın inauqurasiyadan əvvəl etdiyi «səs-küylü bəyanatlar»dan narahatlıq keçirdiyini bildirib.

Şərhlər