“Mercedes-Bens”in Azərbaycan nümayəndəliyinin rəhbərinin oğlunun qətlində müəmmalar qalır

Ötən il mayın 2-də Bakıda “Mercedes-Bens”in Azərbaycan nümayəndəliyinin rəhbəri Adolf Şilderin oğlu, 1992-ci il təvəllüdlü Vüsal Şilder öldürüldü. Naməlum şəxs tərəfindən bıçaqlanmış gənc aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdi. Sonradan gəncin qətlinin sifarişli olması, olayın bir sevgi tarixçəsindən qaynaqlandığı da aydınlaşdı.

Məlum oldu ki, V.Şilderlə prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi işləyən Tariyel Ağayevin qızının yaxın münasibəti olub. Buna görə T.Ağayevin adından onu dəfələrlə hədələyiblər. Amma V.Şilder geri çəkilməyib. Onu narkotiklə şərləyiblər. Bu şərləmədən də bir nəticə hasil olunmayanda qətlinə fərman verilib...

Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Bakıdakı Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Bir neçə gün əvvəl bu qalmaqallı cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsində Vüsal Şilderin qətlində təqsirləndirilən 4 şəxsə dövlət ittihamçısı cəza istəyib.

Prokuror məhkəmədən təqsirləndirilən İlham Məmmədova və Qurban Novruzova 8 il, Kənan Babayevə və Türkiyə vətəndaşı Yaşar Sumerə 7 il cəza verilməsini istəyib. Prosesdə zərərçəkmişin nümayəndəsi Aslan İsmayılov da çıxış edib.

Məhkəmənin diqqətini cinayətkar dəstənin öz maraqları naminə V.Şilderi qətlə yetirmələrinə çəkən vəkil deyib: “Bu şəxslərin cinayətdə məmnuniyyətlə iştirak etdikləri açıq görünür. Bu məhkəmə prosesində İlham Məmmədovdan sonra aktiv olan Qurban Novruzov birinci həbs olunan şəxsdir. Yəni hadisə aprelin 11-də baş verir, mayın 2-də Vüsal Şilder qətlə yetirilir və mayın 3-də Qurban Novruzov həbs edilir. Həbs ediləndə də baş vermiş cinayəti olduğu kimi söyləyir. Bu işin istintaqını aparan Pərviz İbayevdən bu gün də şikayətimiz var. Ona görə ki, Vüsal Şilderin ölümü ilə bağlı istintaq qanuni qaydada aparılmır. Buna baxmayaraq, bütün dindirmələrə baxsanız görərsiniz ki, təqsirləndirilən şəxslərin verdikləri ifadələrdə elə məqamlar var ki, onu nə istintaqçılar, nə əməliyyatçılar bilə bilməzdi. Bütün bunlar istintaq zamanı təqsirləndirilən şəxslərə hər hansı təsirin və təzyiqin olmamasından xəbər verir. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Mən çıxışıma başlayarkən dedim ki, baş vermiş cinayət məhz ölkədə hüquqa olan hörmətsizlikdən irəli gəlir. Mən əminəm ki, mayın 2-də həmin qətl baş verməsəydi, bu cinayət işi də açılmamış qalacaqdı. İlham Məmmədovu bu prosesdə ən çox narahat edən ifadə Tariyel Ağayevin adının çəkilməsi olub. Bu da təsadüfi deyil. Ona görə də mən hesab edirəm ki, əgər bu prosesdə istintaq sonadək araşdırsaydı, bu gün məhkəmə zalında oturanların sayı daha çox olardı. Ən azından cinayət işinin materialları ilə tanış olduqda özünüz də gördünüz ki, bu məhkəmə zalında zərərçəkmiş kimi oturmuş Azər Quliyev əslində Vüsal Şilderin izlənməsində fəal iştirak edib, qətldən sonra İlham Məmmədovla Yaşar Sumerin evinə gedib ona və ailəsinə hədə-qorxu gəlib. Bu məhkəmə zalında bizim gördüyümüz çox şeylər oldu ki, Azər Quliyevin məhz bu prosesdə bunların yanında oturmalı olduğunu birmənalı şəkildə göstərir. Təqsirləndirilən şəxslərin ifadələrini ayrı-ayrılıqda təhlil etdikdə hadisənin necə cərəyan etməsi göz önünə gəlir. Sadəcə, bu dörd təqsirləndirilən şəxs öz məsuliyyətlərini bu cinayətdən kənara atmaq üçün istintaq dövründə başqaları ilə bağlı çox məmnuniyyətlə danışırlar və istintaqda ifadə verirlər. Məsələn, Yaşar Sumer həbs olunan kimi hadisənin necə baş verdiyini olduğu kimi söyləyir. Amma bəzi hissələri orda gizlədir. İkinci dəfə ifadə verəndə isə Yaşar Sumer öz məsuliyyətini kənara çəkmək üçün o biri hissəni söyləyir. Hansı ki, onu da düz deyir və baş vermiş hadisənin sanki yadından çıxmış hissəsini dilə gətirir. Ona və ailəsinə İlham Məmmədov və Azər Quliyev tərəfindən hansı təhdidlər edildiyini elə istintaq dövründə də bildirib. Bu iş üzrə baş vermiş cinayətə qiymət verərkən mən istərdim ki, təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa iş üzrə çoxlu sayda şahid ifadələrinə də diqqət yetirilsin. Vüsal Şilderin nə üçün Binəqədi Polis İdarəsi 7-ci polis bölməsinə gətirilməsini hər biri boynuna alır, o cümlədən İlham Məmmədov da göstərir ki, Kənan Babayevin rəis müavini olduğu polis bölməsinə gətirmək üçün yol-nəqliyyat hadisəsi baş verən ərazi üzrə deyil, məhz həmin bölməyə gətirilməsini necə təşkil edirlər. Vüsal Şilderlə bağlı həmin bu dörd təqsirləndirilən şəxs öz niyyətlərini tam axıra çatdırmayıblar”.

Vəkil V.Şilderin öldürülməzdən əvvəl şərlənməsinə də diqqət ayırıb: “Hörmətli prokuror narkotiklə bağlı ətraflı danışdı. Narkotik vasitənin məhz İlham Məmmədov tərəfindən Qurban Novruzova verilməsi cinayət işinin materialları ilə tam sübut olunub. Bunu Qurban Novruzov da deyir, Yaşar Sumer də, bunu iş üzrə 7-ci polis bölməsində tərtib olunan aktlar da deyir. Sadəcə, deyək ki, nə üçün həmin narkotik maddə Vüsal Şilderin cibindən çıxmır? Ona görə ki, canfəşanlıq edərək Vüsalın maşınını elə böyük sürətlə vururlar ki, maşında olan təhlükəsizlik yastıqları açılır və bunların başları özlərinə qarışır. Yəni obrazlı desək, narkotik vasitəni bir cibdən o biri cibə qoya bilmirlər, nəticədə məhkəmədə həmin narkotik Qurban Novruzovun cibində aşkar olunur. Bilirsiniz ki, polis praktikasında 4 saat ərzində aşkar olunmuş narkotik maddənin dərhal ekspertizaya göndərilərək dərhal da ekspertizanın rəyinin alınması, üstündə narkotik maddə tutulmuş şəxsin də dərhal azad olunması inandırıcı deyil və şəxsən mən buna inanmıram. Bunun özü də ayrıca bir müzakirə mövzusudur. Əlimizdə sübutlar olmadığından tapılmış narkotik vasitənin nə qədər miqdarda olması da mübahisəlidir. Çox böyük ehtimalla həmin narkotik maddənin az miqdarda olması üçün də polisdə çalışanlar olub. Bu iş üzrə dindirilmiş əsas şahidlər polis işçiləri idi. Polis işçiləri də hadisənin necə baş verdiyini məhkəmədəki ifadələrində detalları ilə xatırlatdılar. Əlbəttə ki, bütün polis bölmələrində istənilən cinayət işi ilə bağlı polis rəisləri və ya onların müavinləri gördükləri işi cəmiyyətə göstərmək və xüsusilə rəhbərlik qarşısında fərqlənmək üçün böyük canfəşanlıq edirlər”.

Proses davam edir.