"Real MTK”-nın keçmiş təsisçisi, hazırda həbsdə olan İlham Qasımovun yaxınları və vəkili mətbuata açıqlamalar verərərək, iş adamının qanunsuz həbs edildiyini bəyan ediblər. Onlar bu il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun həbsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanovun və onun biznes şəriki, qalmaqallı iş adamı Gülağa Tənhanın sifarişi ilə baş tutduğunu iddia edirlər. Məhkəmə prosesinə sədrlik edən Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər. Həmçinin, bu işin arxasında dayanan şəxslərin əsas məqsədinin İlham Qasımovun ailəsinin əmlakını ələ keçirmək olduğunu göstərərək, onlarla bağlı ciddi ittihamlar səsləndiriblər.
Saytımız bu açıqlamaları dərc etməklə yanaşı, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğunu bəyan edib.
İlham Qasımovun yaxınlarının həbsin sifarişçisi kimi ittiham etdikləri Gülağa Tənha bununla bağlı saytımıza müraciət edərək, onun mövqeyi kimi yaxın dostu, Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovun münasibətini dərc etməyi xahiş edib.
Biz də özünün nə üçün danışmaq istəmədiyini başa düşməsək də, obyektivlik naminə bu məsələ ilə bağlı Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovdan qısa müsahibə götürdük. Həmin müsahibəni təqdim edirik.
- Rövşən müəllim, həbsdəki iş adamı İlham Qasımovun yaxınları Gülağa Tənhaya qarşı bir sıra ittihamlar irəli sürürlər. Bu ittihamlardan biri onun öz adını və soyadını dəyişdirməsi, Albert Mixailoviç Umarov adı ilə kimlik daşımasıdır. Gülağa Tənha niyə belə bir addım atıb?
- Mən bu insanla iki gün əvvəl tanış olmamışam. Gülağa ilə 80-ci illərdən münasibətimiz var. Onun kasıb vaxtlarını da görmüşəm, varlı vaxtlarını da. Məsələ burasındadır ki, o, 1987-ci ildə Moskva şəhərində SSRİ Ticarət Nazirliyində vəzifəyə təyin olunarkən, ad və soyadı ilə bağlı ciddi problem yaşadı. Məhz bu səbəbdən Gülağanın rəsmi sənədlərdə adı dəyişdirilərək, Qənbərov Albert Mixayloviç yazıldı. Bunu təsdiq edən şəhadətnamə də var.
- Gülağa Tənhanın 90-cı illərin ortalarında bəzi problemlərlə bağlı ölkədən çıxdığı, sonradan isə sabiq MTN naziri Eldar Mahmudovun himayəsinə sığınaraq, Azərbaycana gəldiyi bildirilir. Onunla işbirliyində olduğu haqda da iddialar var...
- Əlbəttəki, onlar bir-birlərini tanıyırlar. Amma Gülağa Qənbərov Bakıya 2001-ci ildə Eldar Mahmudovun dəvəti ilə yox, Ümummilli lider Heydər Əliyevin çağırışı ilə Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmək üçün gəlib. Bir özünüz düşünün, Gülağanın Eldar Mahmudovla yaxın münasibəti varsa, o zaman niyə keçmiş MTN naziri onun telefon danışıqlarını dinlətdirib?
- Gülağa Qənbərovun 1993-94-cü illərdə OMON-un rəhbər şəxslərinə qoşularaq, ölkədə dövlət çevrilişinə cəhddə iştirak etdiyi iddia olunur. Həmin dövrdə baş verənlərlə bağlı sizdə hər hansı məlumat varmı?
- Məndə olan məlumata görə, məsələyə aydınlıq gətirməkdən ötrü 2004-cü ilin aprel-may aylarında AR Milli Məclisinin tapşırığı ilə MTN tərəfindən Gülağa Tənhanın Azərbaycan dövləti qarşısındakı xidmətləri hərtərəfli araşdırıldı. Araşdırmaların nəticəsi ilə bağlı nazirlik rəhbərliyinin imzası ilə Milli Məclisə arayış göndərildi. Cavab məktubunda qeyd olunurdu ki, “Yoxlama nəticəsində G.M.Qənbərovun Azərbaycanın milli maraqlarına, dövlətçiliyinə zidd fəaliyyəti barədə hər hansı bir məlumat əldə olunmamışdır”. Xatırladım ki, həmin dövrdə MTN naziri Namiq Abbasov idi.
- 15 il həbs cəzası alması ilə heç cür barışmayan İlham Qasımov iddia edir ki, Gülağa Qənbərov və onun şəriki Müqəddəs Sultanov onun əmlakına göz dikiblər. Bu barədə nə deyə bilərsiniz?
- Gülağa Qənbərov heç kasıb vaxtlarında da heç kəsin mal-dövlətinə göz dikməyib. O, halallığı və zəhmətkeşliyi həmişə üstün tutub. Əgər Gülağa Tənhanın İlham Qasımovun əmlakında gözü varsa, onda niyə məhkəmə zalında üzünü İlhama tutub "Əgər oğurladığın pulların 1 milyonunu qaytarıb məndən üzr istəsən, səni bağışlayaram" deyirdi?
- İnternetə yerləşdirdiyi videomüsahibələrdən birində Gülağa Tənha Hacı Məmmədovun adını çəkir və sanki onun cinayətlərinə bəraət qazandırır. Sizcə bunu nə məqsədlə edir?
- Gülağa Qənbərov həmin çıxışında ölkədə Cənab Prezidentin əmr və sərəncamlarının yerlərdə icrasının təmin edilməsi barədə danışdı, öz vətəndaş mövqeni nümayiş etdirdi. Bəzi məmurların və onların "krışalıq" etdiyi reket jurnalistlərin Hacı Məmmədov kimilərinin əlində ölməyə layiq olduğunu bildirdi. Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr!
- İlham Qasımovun ailəsi Gülağa Qənbərovun iş adamının həbsinin sifarişçilərindən biri olduğunu bildirirlər. Hakim Zeynal Ağayevin iş adamına belə ağır cəza verməsində də Gülağa Qənbərovun "əməyinin" keçdiyi qeyd olunur...
- Fikrimcə, bu, ümumən hüquqi dövlətimizin məhkəmə sisteminə, onun ədalətinə atılan bir ləkədir. Gülağa Tənha yeganə zərəçəkmiş şəxs deyil! İlham Qasımov hamını öz arşını ilə ölçür və niyyəti baş tutmadığı üçün hakimə və məhkəmə sisteminə şər atır.
- Rövşən müəllim, fürsət düşmüşkən, bir hərbçi kimi Milli Təhlükəsizlik Nazirliyində baş verən cinayətlər haqqında nə deyə bilərsiniz?
– Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar hansı işlərlə məşğul olduğunu hamı kimi mən də görürdüm. Mən hələ Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin rəisi olan zaman MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə hər zaman mübahisə edirdim. Əsas səbəb həmin idarənin rəisi Nizami Şirinov və dəstəsinin çoxlu sayda tükürpədici cinayətləri idi.
- Nizami Şirinovun törətdiyi bu qanunsuz əməllər barədə keçmiş nazir Eldar Mahmudovun məlumatı var idimi?
-Əlbəttə var idi. Onu bu vəzifəyə elə Eldar Mahmudovun özü təyin etmişdi. Mən ümid edirəm ki, gec-tez ədalət öz yerini tapacaq. Nizami Şirinov kimi cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.
Vaqif
AzPolitika.info


Şərhlər