"Qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır"
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Trend-ə müsahibəsində deyib.
"Məlumdur ki, dini radikal təmayüllərin cəmiyyətdə özünə yer tapması ideoloji faktorlarla yanaşı, maddi amillərlə də bilavasitə bağlıdır. Bu mənada qeyri-ənənəvi cərəyanların təbliğatının geniş vüsət almasında maddi stimulların rolu danılmazdır. Radikal cərəyan mənsublarının fəaliyyətlərinin maliyyələşdirilməsi bir tərəfdən xaricdən müxtəlif variantlarda yardım almaqla, digər tərəfdən tərəfdarlarının sahibkarlıqla məşğul olmalarına dəstək verməklə əldə olunmuş gəlir hesabına təmin edilir.

Dolayısı ilə maddi maraqlandırıcı vasitələrdən istifadə etməklə öz ətraflarına cəlb etdikləri həmin şəxsləri əvvəlki mühitdən, həyat tərzindən, əlaqələrindən uzaqlaşdırırlar. Nəticədə onlar asılı vəziyyətə salınmış və manipulyasiya edilən radikal fikirli şəxslərə çevrilirlər. Sonrakı mərhələlərdə həmin şəxslər də ölkə daxilində öz maraqlarına uyğun olaraq təbliğat və cəlbetmə işlərinə yönləndirilir, bu prosesin ardıcıl olaraq vertikal və horizontal istiqamətlərdə aparılmaqla piramidal xarakter daşımasına cəhdlər göstərilir.
- Ölkəmizdə bu cür halların qarşısının alınması üçün hansı tədbirlər görülür?
- Toxunduğum məqamları nəzərə alaraq, vurğulamaq istəyirəm ki, dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyatı hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər aparılmaqdadır. Xüsusilə keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, ilk öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilmişdir.


Şərhlər