Menu

"Gecə zəngləri"nə dövlət operatorları nəzarət edir

08.02.2017, 12:32
"Gecə zəngləri"nə dövlət operatorları nəzarət edir

Gecə saatlarında abunəçilərin mobil nömrələrinə daxil olan yerli və beynəlxalq zənglərin mobil operatorlar tərəfindən qarşısının alınması qeyri-qanunidir.

Bunu Trend-ə “Azercell” şirkətindən deyiblər.

Şirkətdən verilən məlumata görə, daxil olan zəngin fırıldaq məqsədi daşıyıb-daşımadağını müəyyən etmək və bunun üçün lazımi filtrləmə həyata keçirmək mümkün deyil.

Məlumatda bildirilir ki, mobil rabitə operatoru 7/24 prinsipi ilə işləyir və gecə saatlarında daxil olan zənglərə fırıldaq şübhəsi ilə məhdudiyyət qoymaq ciddi qanun pozuntusudur: "Müəyyən olunmuş nömrələrdən daxil olan zənglərin qarşısının alınması yalnız qanunvericilik çərçivəsində mümkündür və bunun üçün rəsmi əsaslar olmalıdır. Biz beynəlxalq zənglər trafikini dövlət operatorları "Aztelekom" və "Azintelecom"dan əldə edirik və trafik üzərində nəzarət bizim səlahiyyətimizdə deyil”.

Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov gecələr xarici ölkələrdən ona da zənglərin gəldiyini bildirmişdi.

S.Novruzov “Report”a açıqlamasında deyib ki, “Ərəb” baharı”nda da belə hallar olub. O bildirib ki, mobil telefon vasitəsilə müxtəlif kütləni idarə edirlər: “Bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsini öyrənmişik. Bunun qarşısı alınmalıdır. Bu tendensiyanın təhlükəli olduğunu düşünürəm. İstənilən zəngin mənbəyini öyrənmək lazımdır ki, kim və haradan zəng edir? Bu, xarici ölkələrdən gələn qeyri-müəyyən zənglərdir. Araşdırılmalıdır ki, bu zənglər nə səbəbə edilir? Gecəyarısı niyə zəng edilsin ki? Bunlar şübhə yaradır. Ona görə də aidiyyatı qurumlar bu məsələni aydınlaşdırmalıdır”.

S.Novruzov bu məsələ ilə bağlı digəri ehtimallarını da bölüşüb: “Ola bilər, bəziləri danışıq konturu oğurlamağa çalışır. Bəlkə də məqsəd başqadır. Bir müddət əvvəl, erməniləri öyrədirdilər ki, müxtəlif adamlara zəng etsinlər, sonra da desinlər, ermənilərlə işbirliyindədir. Yəni, müxtəlif təxribatlar ola bilər. Bir çox siyasətçilərə də belə zənglər gəlir, onlar mənim Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında çıxışımdan sonra əlaqə saxladılar, narahat olduqlarını dedilər. Bildirdilər ki, onlara da müxtəlif ölkələrə məxsus nömrələrdən zənglər gəlir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol