Azərbaycanda balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2016-cı ildə 155 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 793,5 ton kvotaya qarşı 678,9 ton balıq ovlanıb.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə kvota üzrə balıq ovu 20% artıb. Ovlanmış balığın 315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal, 49,9 tonu külmə, 27,3 tonu çapaq, 19,0 tonu çəki, 20,8 tonu digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 32,5 min manat təşkil edib.
Dövlət Statistika Komitəsinin bu məlumatının reallığı əks etdirdiyi ciddi şübhə doğurur. Rəqəmlər həddən artıq kiçikdir və heç bir şübhə yoxdur ki, həqiqətdə bundan dəfələrlə artıq balıq ovlanıb. Sadəcə, balıq ovunun çox hissəsi brokonyerlər tərəfindən ovlandığından rəsmi qeydiyyata alınmır. Bu brokonyerlərin arxasında isə əksər hallarda yüksək rütbəli məmurlar durur və bu qeyri-qanuni fəaliyyət hər il onlara külli miqdarda gəlir gətirir.
V.Nəsibov


Şərhlər