Menu

İraqda seçkilərin nəticəsi: türkmənlər 10 yer, kürdlər 62 yer qazanıb

20.05.2014, 00:35
İraqda seçkilərin nəticəsi: türkmənlər 10 yer, kürdlər 62 yer qazanıb

Aprelin 30-da İraqda parlament seçkiləri keçirilib. Lent.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, İraq Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini açıqlayıb.

İraqın hazırkı baş naziri Nuri əl- Malikinin “Qanun Dövləti” bloku seçkidə 93 yer qazanaraq, birinci olub.

Mənbə xatırladıb ki, parlamentdəki 328 yer uğrunda 9 min namizəd (107 siyahı) mübarizə aparıb.

İraqda ikinci etnik qrup kimi qəbul edilən kürdlər də parlamentdəki millət vəkillərinin sayını artırıb. 2010-cu ildə keçirilmiş seçkilərdə 57 yer qazanan kürdlər, bu dəfə deputatlarının sayını 62-ə çatdırıb.

2010-cu ildəki seçkidə “Birləşənlər Hərəkatı” koalisiyası ilə iştirak edərək, 91 yer qazanan sünni ərəblər bu dəfə ayrı-ayır halda bu siyasi kampaniyaya qoşulub və yer itkisinə məruz qalıb.

Usamə Nuceyfinin “Müttahidun” siyahısı 23 , Əyad Ələvinin lideri olduğu “əl- Vətən” 22 , Saleh Mütləğin “Ərəb Koalisiyası” 9 yer qazanıb. Sünnilərin başqa kiçik partiyaları vilayətlərə üzrə bir- iki yer əldə edib.

İraq Türkmən Cəbhəsinin (ITC) bütün səylərinə baxmayaraq, türkmənlər seçkidə fəal iştirak etməyib. Bunun nəticəsində İTC istədiyi nəticəni əldə edə bilməyib. Parlamentdə türkmənlər 10 deputatla təmsil olunacaq.

Mənbənin xatırlamasına əsasən, seçkidə 12 milyon 191 min seçici iştirak edib.

Malikinin üçüncü dəfə baş nazir olacağı gözlənilir. İraq Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, Nuri əl-Maliki hökuməti təkbaşına qura bilməyəcək. Bunun üçün 165 yerə sahib olmaq lazımdır. Ona görə də Malikinin koalision hökumət quracağı istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol