Menu

Şimali Koreya liderinin qardaşı öldürüldü

14.02.2017, 18:30
Şimali Koreya liderinin qardaşı öldürüldü

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Nam Malayziyada öldürülüb. Xəbəri bu gün Cənubi Koreyanın «Yonhap» informasiya agentliyi yayıb.

Cənubi Koreyanın «Chosun» telekanalının məlumatına görə, Kim Çen Nam Malayziya aeroportunda öldürülüb - burada ona 2 qadın «zəhərli iynə» ilə hücum edib. Sonradan qadınlar hadisə yerini tərk ediblər. Malayziya polisi hesab edir ki, qətl hadisəsi Şimali Koreya hakimiyyəti ilə əlaqəlidir.

Agentlik qeyd edir ki, əgər qətl rəsmi təsdiqini tapsa, bu cinayət Şimali Koreya liderinin qohumlarının ölüm halları arasında ən qalmaqallı hadisə olacaq. Məlumdur ki, 2013-cü ildə Kim Çen In o dövrdə ən nüfuzlu qohumu olan dayısı Çan Son Txeki edam etdirib.

Kim Çen Nam Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin aktrisa Son Xe Rimdən olan böyük oğludur. O, atasının qəzəbinə gələrək, ali dövlət vəzifəsi tutmaq üçün irsi hüquqdan məhrum edilib. Bundan sonra Kim Çen Nam ölkəni tərk edib və xaricdə yaşayıb. Ölkəsində onun heç bir rəsmi vəzifəsi və ya titulu olmayıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol