Əhməd Vəliyev: "Təhsil sahəsində, xüsusən də orta məktəb müəllimləri arasında monitorinq aparılmalıdır ki, kim hansı səviyyədə biliyə malikdir"

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanda təhsil sahəsində korrupsiyanın olması barədə fikirlərinə münasibət bildirib. Deputat AzPolitika.info-ya açıqlamasında deyib ki, bütövlükdə təhsil sisteminin korrupsiyalaşdığını iddia etmək yalnışdır. Azərbaycan təhsilində ayrı-ayrı fərdlərin yol verdiyi korrupsiya var:

“Təhsil Nazirliyində bilirsinizmi nə qədər işçi var? Respublikanın ən böyük sahəsi təhsil sahəsidir. Təhsil sistemində işçilərin sayı çox olduğuna görə, bütövlükdə sistemi ittiham etmək düzgün deyil. Birincisi, əgər korrupsiya varsa, bu ilk növbədə büdcə ilə bağlıdır. Çünki hər bir ailə, hər bir valideyn, hər bir uşaq təhsillə əhatə olunubdur. Mən yenə də təkrar edirəm, əgər bu gün təhsildə korrupsiya varsa, bunu ayrı-ayrı insanlar yaradır.

Ölkə prezidentinin sərəncamı ilə yeni təhsil naziri təyin olunub. Nazirimiz də gənc və enerjili, dünya proseslərindən başı çıxan bir insandır. Ona görə də təhsilimizdə nə neqativ hal varsa, onu aradan qaldırılması sahəsində təhsil naziri çox güclü iş aparır və demək olar ki, xüsusi bir model qurur. Təhsilimizin dünya inteqrasiya səviyyəsinə qaldırılması baxımından böyük işlər görülür”.

Millət vəkili eyni zamanda təhsil işçilərinin əmək haqqlarının qaldırılması ilə bağlı da danışdı: “Təbii ki, təhsil işçilərinin əmək haqqlarının qaldırılması məsələsi bu gün gündəmdədir. Məlumdur ki, prezidentimiz həmişə bu sahəni diqqətdə saxlayır və əminəm ki, bu günlərdə bu işlər xüsusi şəkildə araşdırılacaqdır. Bu gün müəllimlərin bilik səviyyəsinin yoxlanılması üçün monitorinqlərin aparılması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilib. Təhsil sahəsində, xüsusən də orta məktəb müəllimləri arasında monitorinq aparılmalıdır ki, kim hansı səviyyədə biliyə malikdir. Mən də həmişə demişəm ki, bütün müəllimlər eyni səviyyədə maaş almalı deyil. Hər müəllim öz qabiliyyətinə görə əmək haqqı almalıdır. Biliyi yüksək olan müəllimə yüksək maaş verilməlidir, biliyi zəif olan müəllimə də müəyyən mənada zəif maaş verilməlidir ki, onda da çalışmaq üçün stimul yaransın. Yəni zəif maaş alan müəllim yüksək maaş almaq naminə fəaliyyətini gücləndirməlidir”.

Ülkər Musazadə