“İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb”.
Bunu APA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ü. Cəfərov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, onlar yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə davam edirlər: “Cavab addımı kimi düşmənin qərargahı vurulub, ermənilərin itkiləri var. Müdafiə Nazirliyinin bu gün yaydığı videogörüntüdə açıq görünür ki, zərbə dəqiq endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Ermənilər isə itkilərinin olması barədə məlumatı gizlədirlər. Ermənilər üçün itkilərini gizlətmək çox rahatdır. Həm Dağlıq Qarabağ Ermənistan paytaxtından uzaqdır, həm də orada hər hansı video və fotonun yayılmasına icazə verilmir”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov da APA-ya açıqlamasında deyib ki, ermənilər cəbhədə itkilərini daim gizlədib: “Ermənistan cəmiyyəti cəbhədə baş verənlərə görə narahatdır. Buna görə də Ermənistan hakimiyyəti itkiləri gizlədir. Çünki Ermənistan cəmiyyəti onların əsgərlərini Azərbaycan Ordusunun qarşısında hansı taleyi gözlədiyini yaxşı bilirlər. Digər tərəfdən, Sarkisyan hakimiyyəti öz çirkin əməllərindən əl çəkmir.

Ş. Ramaldanov qeyd edib ki, Suriyadan gələn ermənilər Ermənistanda yox, məhz məqsədyönlü şəkildə Dağlıq Qarabağda yerləşdirilir: “Əlbəttə, bu, elə-belə edilmir. Suriya ermənilərindən muzdlu kimi cəbhə xəttində istifadə edirlər. Ermənilər üçün bu əlverişlidir. Çünki Suriya ermənilər heç bir yerdə qeydiyyatda deyillər, onların ölümü Ermənistan cəmiyyətini də maraqlandırmır”.


Şərhlər