Anti-Qərb isteriyası ona gətirib çıxarda bilər ki, Rusiya açıq şəkildə proseslərə müdaxilə edə və hakimiyyəti dəyişə bilər
Limit bitdi. “Balans diplomatiyası” aparmaq artıq mümkün deyil. Rəsmi Bakı seçimini etməlidir. Ya Qərb, ya Rusiya. Ölkənin maraqları avro-atlantik məkana inteqrasiyanı nəzərdə tutur. Rusiya ilə əməkdaşlıq isə müsbət bir nəsnə vəd etmir. Enerji daşıyıcıları ilə bağlı layihələr, kreditlər və s. amillər Qərbi daha cəlbedici tərəfdaş edir. Rusiya nə iqtisadi baxımdan, nə də ki siyasi baxımdan perspektivli müttəfiq deyil. Söhbət heç də Moskvanın imperiya iddialarından da getmir. Sadəcə olaraq, bu ölkənin yaxın illərdə önəmli bir tərəfdaşa çevrilməsi ehtimalı belə yoxdur.
Rusiya siyasi elitası özü də anlayır ki, gələcək perspektiv Avropa ilə əməkdaşlıqla bağlıdır. Məhz buna görə də Rusiya siyasi elitası pullarını Avropa banklarında saxlayır. Rusiya siyasi hakimiyyətinin ən yüksək pilləsində təmsil olunan simaların övladları Avropada təhsil alır, orada biznes fəaliyyəti ilə məşğul olur. Avropa daha təhlükəsizdir. Biznes maraqlarına görə, təhsilin və səhiyyənin səviyyəsinə görə, insan kimi yaşamağa görə də Avropa daha təhlükəsizdir. Elə bu amil Azərbaycan məmurlarını da vadar edir ki, övladlarını təhsil üçün Qərbə göndərsinlər. Siyasi karyera qurmaq üçün bizim məmurların övladları məhz Qərb ölkələrində lobbi fəaliyyəti ilə məşğul olurlar.
Qərb Azərbaycan siyasi hakimiyyətinin üz tutduğu “xilas kəməri”dir. Rusiya ilə əməkdaşlıq isə təhlükəlidir. Biznes fəaliyyəti qurmaq üçün də yararlı deyil. İstənilən anda milyonlarla vəsait bata bilər.
Etibarlılıq baxımından, Kreml yaxşı müttəfiq deyil. Moskva ilə əməkdaşlıq edən siyasi liderlər son anada asanlıqla qurban verilə bilərlər. Tarixdə yüzlərlə belə fakt mövcuddur.
Bunu Azərbaycan hakimiyyəti də anlayır. Siyasi elitanın Qərblə əməkdaşlıqdan başqa yolu yoxdur.
Lakin avro-atlantik məkana inteqrasiya demokratik islahatları zəruri edir. Siyasi məhbus probleminin həlli, azad toplaşmaq və ifadə azadlığının təmin olunması, demokratik seçkilər iqtidara müsbət gələcək vəd etmir. Birmənalı şəkildə Rusiyaya meyllənmək də qorxuludur. Kremlin tələbləri olduqca böyükdür və “şimal qonşusu” ilə həddən ziyadə yaxınlıq müstəqilliyin itirilməsi ilə sonuclana bilər.
Göründüyü kimi, rəsmi Bakı iki od arasında qalıb. Elə bu fürsətdən istifadə edən Rusiya hakimiyyətdə yerləşdirdiyi “beşinci kolon”un vasitəsi ilə öz ambisiyalarını gerçəkləşdirmək niyyətini gizlətmir.
Rusiya anti-ABŞ isteriyasından istifadə edərək, Azərbaycana hərbi müdaxilə də edə bilər. Belə bir plan gerçəkləşərsə, Kreml siyasi hakimiyyətə özünün vassalını da gətirməkdən vaz keçməz.
Rusiya ilə yaxınlıq təhlükəlidir. Azərbaycan kimi kiçik ölkələr üçün “açıq qapı” diplomatiyası da yolverilməzdir. Bakı Qərblə əməkdaşlıq yolunu seçməyə məhkumdur. Bu ölkənin və siyasi elitanın təhlükəsizliyi baxımından ən düzgün seçim olardı.
Demokratik seçkilər yolu ilə iqtidardan getmək də qorxulu deyil. Seçki yolu ilə hakimiyyətdən gedən qüvvə, seçki yolu ilə də təkrar iqtidara qayıda bilir.
Qərbin Bakıya təklif etdiyi model məmurlarımızın yalnız biznes maraqlarının təminatı demək deyil, eyni zamanda onların siyasi gələcəyini və şəxsi təhlükəsizliklərini sığortalamış olur.
Anti-Qərb isteriyası ona gətirib çıxarda bilər ki, Rusiya açıq şəkildə proseslərə müdaxilə edə və hakimiyyəti dəyişə bilər. Rəsmi Bakının arxasında Vaşinqton dayanmasa bu planın gerçəkləşməsinə heç nə mane ola bilməz.
Qərb əleyhinə çıxışlar yalnız ölkənin strateji kursuna zərbə vurmur. Eyni zamanda iqtidarlı-müxalifətli cəmiyyətin məhv olmasına şərait yaradır.
Seçim imkanlarımız olduqca məhduddur. Odur ki, mənasız anti-Qərb isteriyasından əl çəkib, Rusiyanın təhdidlərindən qorunmaq barədə düşünmək lazım gəlir...
Azər RƏŞİDOĞLU(musavat.com)


Şərhlər