«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məşhur britaniyalı astrofizik Stiven Hokinq vahid «Dünya hökuməti» yaratmaq ideyası ilə çıxış edib. Alimin fikrincə, planetin belə siyasi birliyi bəşəriyyətin dayanıqlı mövcudluğu üçün yeganə üsuldur.
«The Times» nəşrinə verdiyi müsahibədə alim bəyan edib ki, bəşəriyyətin salamat qalması üçün dünya miqyasında vahid hökumət lazımdır, əks-təqdirdə onu kütləvi qırğın silahlarından və ekoloji fəlakətlərdən qaynaqlanan ölüm gözləyir.
Hokinq hesab edir ki, sivilizasiyanın meydana gəlməsi anından başlayaraq, təcavüz faydalı olub, çünki salamat qalmaq yolunda cəmiyyətlərə müəyyən üstünlüklər verib. Göründüyü kimi, təkamül sayəsində bu, insanların genlərində möhkəmlənib. Amma indi texnologiyalar xeyli sürətlə inkişaf etdiyindən, təcavüz nüvə və bioloji müharibənin vasitəsilə bütün insanları məhv edə bilər. Alimin fikrincə, insanlar keçmişlərdən miras qalmış sövqi-təbiiyə öz məntiqi və ağlı ilə nəzarət etməlidirlər.
Vahid dünya dövləti bu tapşırığın reallaşdırılmasında optimal variant olardı. Milli və ya məhdud qruplu eqoizm ona nəzarət edə bilməz. Bundan başqa, dünya hökuməti yeni təhlükələrlə - ətraf mühitin çirkləndirilməsi, süni intellektin sürətli inkişafı və digər təhdidlərlə daha effektli mübarizə aparardı.
Hokinq eyni zamanda, hesab edir ki, belə perspektivin də özünün müəyyən riskləri var. Belə ki, dünyanın bütün insanları adından qərar qəbul edən hökumət tirana çevrilmək imkanlarına malikdir. Ancaq alimin fikrincə, bunun da öhdəsindən gəlmək olar.
Beləliklə, açıq-aydın görünür ki, xeyli müddətdir barəsində məhdud auditoriyalarda söhbətlər gəzən və bəzi dairələr tərəfindən «uydurma» kimi təqdim olunan «Dünya hökuməti» ideyası artıq «leqallaşmaq» üzrədir. Maraqlıdır ki, son zamanlar Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətsizliyi barədə səsləndirilən fikirlərlə «Dünya hökuməti» ideyasının yradılması təklifi arasında çox «zərif» bir sinxronluq müşahidə olunur…


Şərhlər