Menu

Beynəlxalq Bank 20 illik krediti bərpa etdi  - Faizlər daha da qaldırılacaq?

11.03.2017, 19:40
Beynəlxalq Bank 20 illik krediti bərpa etdi  - Faizlər daha da qaldırılacaq?

Azərbaycan Beynəlxalq Bankı 20 illik ipotekanı bərpa edib.

“Marja”nın əldə etdiyi məlumata görə, bu gündən başlayaraq, vətəndaşlar Bankın tərəfdaşı olan tikinti şirkətlərinə müraciət edərək şəxsiyyət vəsiqəsilə 20 illik ipoteka ilə mənzil əldə edə bilər.

Yeni rəhbərlik “manat vəsaitlərini 20 illik kreditə yönəltmək məntiqsizdir” - demişdi

"AzPolitika" xatırladır ki, bundan əvvəl Beynəlxalq Bank 20 illik ipoteka kreditini illik 10%-lə təklif edirdi. İlkin ödəniş isə bəzi layihələrdə mövcud deyildi, bəzi layihələrdə isə 10% təşkil edirdi.

Kreditlərin verilişi dayandırılarkən Beynəlxalq Bankdan “Marja”nın sorğusuna cavab olaraq bildirilmişdi ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı (ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən – Red).

Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri kimi sağlamlaşdırma tədbirlərinin ola biləcəyi göstərilirdi. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait “qəpik-quruş” ola bilər. “Ölü manatlar” yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.

Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. "Marja"nın məlumatına görə, son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəkə) xoş bir hal olmayacaqdır.

Yeni şərtlər hələ ki, açıqlanmayıb. Lakin belə bir şəraitdə Beynəlxalq Bankın 20 illik kreditləri bərpa etməsi faiz dərəcəsini daha da artıracağını göstərir.

Qeyd edək ki, Beynəlxalq Bank “Kristal Abşeron”, “Melissa Group” “Bakı Ağ Şəhər”, “Renessanse Palace” (AS Group İnvestment),” Yeni Həyat” və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.

Həmçinin oxuyun: BEYNƏLXALQ BANKLA TİKİNTİ ŞİRKƏTLƏRİNİN ŞOK FIRILDAĞI – Kreditlər “şapka” ilə verilirmiş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol