Menu

“Pokrovka” bazarının sahiblərindən olan Rasim Sadıqov tutuldu

26.05.2014, 18:01
“Pokrovka” bazarının sahiblərindən olan Rasim Sadıqov tutuldu

Moskvada ötən il Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş səs-küylü qətl hadisəsindən sonra bağlanan “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının həmsahibi olan Rasim Sadıqov həbs olunub.

Virtualaz.org saytı xəbər verir ki, Moskva hüquq-mühafizə orqanları iki ay bundan əvvəl R.Sadıqovu axtarışa vermişdi.

O, qanunsuz miqrasiyanın təşkilində ittiham olunur. Bildirilir ki, R.Sadıqov topdansatış bazasını icarəyə götürən “Novıe Çeremuşki” Açıq Səhmdar Cəmiyətinin ortaqlarından biridir. O, axtarışa veriləndən iki ay sonra Belarusdan Moskvaya qayıdıb və QAİ əməkdaşları tərəfindən saxlanılıb.

“Moskvanın avtomobil yollarının birində Sadıqov öz avtomobili ilə hərəkətdə olarkən QAİ əməkdaşları tərəfindən saxlanılıb. Onun axtarışda olduğu üzə çıxıb və həbs olunub” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Aparıldığı polis bölməsində dindirmə zamanı R.Sadıqovun vəziyyəti pisləşib və o, Moskva klinikalarından birinin kardiologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti yaxşılaşan kimi onu istintaq təcridxanasında yerləşdirəcəklər.

Xatırladaq ki, həmin işlə bağlı “Novıe Çeremuşki”nin idarə heyətinin sədri Maqomed Çurilov da ötən ildən axtarışdadır. İstintaqa bazanın əsas səhmdarı İqor İsayevlə yanaşı icarəçi Rasim Sadıqov da cəlb ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol