“Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib”.
Bu barədə Müdafiə Nazirliyinin bugünkü məlumatında bildirilib.
Məlumata görə, “Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib”.
Lakin Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.
“Nəticədə Silahlı Qüvvələrimizin zabiti, 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub.
Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.”
Cəbhə bölgəsindəki son gərginliklə bağlı erməni tərəfi də məlumat yayıb. Erməni KİV-i bu ölkənin hərbi qruplaşmalarının Azərbaycan postuna kəşfiyyat-diversiyaya cəhd etməsini inkar edərək, əksinə Azərbaycan hərbçilərinin hücuma keçdiyini iddia ediblər. Məlumata görə, ermənilər bir itki verib. Baş əsgər (yefreytor) Erik Qasparyan öldürülüb.
Yəni Milli Ordumuzun biri kapitan rütbəli zabit və gizir olmaqla, 2 şəhid və bir yaralı verdiyi son atışmada Ermənistan Ordusu cəmi 1 əsgərini itirib.
Fikrimizcə, Azərbaycan Müdafiə Nazirliyi pafoslu cümlələrlə dolu bəyanatından imtina edərək xalqa həqiqəti söyləməli və ortaya çıxan suallara aydınlıq gətirməlidir.
Hərb elminin elementar, hamının bildiyi qanunları var. Bu qanunlardan biri odur ki, həmişə hücum edən tərəf müdafiə olunan tərəfdən 3-4 dəfə çox itki verir.
Bəs necə olub ki, dünən gecə ermənilər hücum etdiyi halda ciddi itki verən tərəf bizim ordumuzdur?
Bu uğursuzluğun məsuliyyətini kim daşımalıdır?
Nə vaxta qədər belə davam edəcək ki, ermənilərin bir itkisinə qarşı biz 3-4 itki verib, sonra da qəhrəmanlıqdan danışacağıq?!
Niyə hər dəfə erməni tərəfi hücum etməli və biz daha çox itki verməliyik?...
Nəhayət, hər dəfə atəşkəsin pozulmasına görə xüsusi bəyanatla, el dili ilə desək, arvadcasına qarşı tərəfi ittiham etməyə son verməyin vaxtı deyilmi?!
Rasim ƏLİYEV
“AzPolitika”


Şərhlər