“MANAT XEYLİ MÜDDƏT SABİT QALACAQ” – "Bədbin proqnozların əsası yoxdur"
“Xarici valyutaya tələb minimuma enmiş vəziyyətdədir”
Bir çox ekspertlər Novruz bayramı sonrası və ya mart ayının sonunda manatın məzənnəsində kəskin ucuzlaşma baş verəcəyi ilə bağlı proqnozlar verirdilər. Lakin hazırkı məzənnə onu deməyə əsas verir ki, bu proqnozlar özünü doğrultmadı. Hazırda manatın dollara qarşı məzənnəsi 1.72 -dir.
Bəs görəsən, bundan sonra da manatın məzənnəsi möhkəmlənməkdə davam edəcəkmi? Manatın kursu ilə bağlı arxayınlaşmağa dəyərmi?
Bu sualları cavablandıran ekspert Pərviz Heydərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda sərbəst maliyyə bazarı olmadığından manatın məzənnəsi ilə bağlı bədbin proqnozların əsası yoxdur: “Əvvəla, diqqət yetirsəniz, manatın məzənnəsi ilə bağlı bədbin proqnozlar verənlərin indi səsləri çıxmır. Sanki ”qurbağa gölünə daş atmısan"... Çünki onların əsaslandıqları arqumentlər cəfəng fikirlərdən başqa bir şey deyildi. Bu adamlar hələ də manatın real bazar dəyərini - məzənnəsini tapmalı olduğundan danışırlar. Söhbət hansı bazardan gedir, aydın deyil. Məlumdur ki, bizdə sivil bazar iqtisadiyyatı mexanizmi fəaliyyət göstərən ölkələrdə olduğu kimi müvafiq maliyyə bazarı mövcud deyil. Üstəlik, real olaraq, iqtisadi aktivlik sıfır vəziyyətindədir. Manat real bazar dəyərini harda və necə tapmalıdır?"
İqtisadçı Pərviz Heydərov hesab edir ki, manat hələ bir müddət hazırkı məzənnə ətrafında sabit qalacaq: “Odur ki, manatın sanki hətta bahalaşmağa doğru start götürdüyü nəzərə çarpmaqdadır. Lakin bu, aradabir qeydə alınan tempdir, yəni müvəqqəti ”qığılcımlardır", bütövlükdə valyuta bazarında vəziyyət sabit xarakter daşımaqdadır. Və bu mənzərə hələ xeyli müddət dəyişməz olaraq qalacaqdır..."
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.