Menu

İki türk ölkəsi arasında narazılıq - Bəs, qardaş idik?!

07.04.2017, 17:01
İki türk ölkəsi arasında narazılıq - Bəs, qardaş idik?!

Qırğızıstan Prezidenti Almazbek Atambayevin fikirləri Qazaxıstan mediasında qəzəblə qarşılanıb.

Publika.az xəbər verir ki, Atambayev Qırğızıstanla Qazaxıstan əhalisinin yaşayış səviyyəsini müqayisə edib.

“Prezident Nazarbayevin uzaqgörən siyasəti nəticəsində bu gün Qazaxıstan adambaşına düşən ümumi daxili məhsulun səviyyəsinə görə MDB-də liderdir. Qırğızıstanda isə ümumi daxili məhsul Qazaxıstanla müqayisədə 9 dəfə azdır. Deməli, qırğızlar qazaxlardan 9 dəfə kasıbdırlar. Əslində isə, Qazaxıstanla Qırğızıstanda sadə insanların yaşayış səviyyəsi eynidir. Bundan başqa, bizim Talas bölgəsinin əhalisi Qazaxıstanın bəzi sakinlərindən, misal üçün, Cambul vilayətinin əhalisindən daha yaxşı yaşayır”, - Atambayev vurğulayıb.

Qazaxıstanın “Abai.kz” portalı Atambayevi təhrikçi fikirlər səsləndirməkdə ittiham edib:

“Atambayevin sözləri nə qədər məntiqlidir? Bu, Qırğızıstan prezidentinin Qazaxıstanın bostanına atdığı birinci daş deyil. Xatırlayırsınızsa, daha əvvəl Almazbek Atambayev Avropa telekanallarından birinə müsahibəsində açıqlamışdı ki, 2010-cu ildə Qırğızıstanda qarışıqlıq baş verəndə, Qazaxıstan sərhədləri bağlayaraq, insanların həlak olmasına səbəb oldu”.

Portal Qırğızıstanın bütün yaxşılıqları unutduğunu yazıb.

“Biz həmişə Qırğızıstana maliyyə və digər vasitələrlə kömək etmişik, onları qardaş hesab etmişik. Bumu qırğızların bizə minnətdarlığı?! Biz münaqişə üçün səbəb axtarmırıq. Lakin belə bəyanatlardan sonra fikir yaranır: Atambayev qardaş xalqların arasında mübahisə yaradan təhrikçidir? Başqa cür o belə bəyanatlar səsləndirməzdi. Maraqlıdır, Qırğızıstan prezidentinin bu sözlərinə Qazaxıstanın xarici siyasət idarəsi necə reaksiya verəcək?”, - deyə məqalədə qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol