Mayın 29-da Astanada təsis edilən Avrasiya İqtisadi İttifaqı keçmiş sovet respublikalarında olduğu kimi Qərbdə də diqqətlə izlənilir. Doğrudur, bu ittifaq Kremlin əvvəlcə irəli sürdüyü Avrasiya İttifaqı ideyasına tam uyğun olmadı. Virtualaz.org xatırladır ki, Qazaxıstan ittifaqın sırf iqtisadi inteqrasiya modeli kimi yaradılmasında israr etdiyi üçün Avrasiya İttifaqının əsasnaməsindən vahid vətəndaşlıq, ortaq xarici siyasət, ortaq parlament kimi elementləri çıxarmalı oldular. Üstəlik təsis sənədlərində ittifaqın adına “iqtisadi” sözünü də əlavə etdilər və bu da gələcəkdə ittifaqın siyasiləşməyəcəyinə dair təminat kimi yozula bilər. Hərçənd ki, ittifaqın mərhələlərlə öz formasını dəyişməsi mümkündür.
“Deutsche Welle" (“Alman dalğası”) radiostansiyasının redaksiya məqaləsində deyilir ki, Avrasiya İqtisadi İttifaqı Avropaya təhlükə təşkil etmir. Ancaq təhlükəli olanı onun əsasını təşkil edən avrasiyaçılıq ideologiyasıdır. “Bu ittifaqa görə çoxları az qala 25 il əvvəl dağılmış SSRİ-ni xatırladılar. Belə müqayisə Kremlə sərf edir. Rusiyalılar ittifaqın yaradılması barədə müqaviləni Rusiyanın gücünün yenidən bərpasının sübutu kimi qiymətləndirməli olacaqlar. Əhali bu strategiyanı alqışlayır. Paralel olaraq Qərbdə yeni Sovet İttifaqı barədə qorxu meydana çıxır. Və bu da Kremlin planlarına uyğundur. Lakin Avrasiya İqtisadi İttifaqını yeni SSRİ kimi nəzərdən keçirmək səhv olardı” deyə məqalədə bildirilir.
“Deutsche Welle" qeyd edir ki, Rusiyanın irəli sürdüyü Avrasiya inteqrasiya modeli Sovet İttifaqı ilə müqayisə oluna bilməz. Bu, Rusiyanın keçmiş sovet respublikalarını vahid iqtisadi məkanda saxlamaq üçün göstərdiyi çoxsaylı cəhdlərdən biridir. Budur, gələn il yanvarın 1-dən etibarən Rusiya, Qazaxıstan və Belarus mal və xidmətlərin, işçi qüvvəsinin sərbəst hərəkəti üzərində işə başlamalıdır.
Lakin bu üç ölkə arasına 4 ildir mövcud olan Gömrük İttifaqının təcrübəsi göstərir ki, əməkdaşlıq iqtisadi və siyasi ziddiyətlər, korrupsiya və şəffaflığın olmaması üzündən olduqca ləng gedir. Gələcəkdə ittifaqa Ermənistanın və Qırğızıstanın da qoşulması planlaşdırılır. Lakin rusiyalılar dilənçi kökündə olan Orta Asiya respublikalarının və Ermənistanın əhalisinin sərbəst hərəkətinə razı olacaqlarmı?
Üstəlik alman radiosuna görə Ukraynasız postsovet məkanında yaradılan iqtisadi ittifaq ölü doğulmuş ideyadır. Və Moskvanın Ukraynaya qarşı aqressiv addımlarının da səbəbi bu idi. Məqalədə deyilir ki, yeni ittifaq “qoca Avropa” üçün heç bir təhdid təşkil etmir və əgər ideya işləsə ora qoşulan ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına da səbəb ola bilər. “Avrasiyaçılıq ideyası isə ayrı məsələdir. Bu ideologiya Putinin hakimiyyətə gəlişindən sonra durmadan yüksəlir.
Avrasiya İqtisadi İttifaqının əsasında da bu ideologiya dayanır. Bizim istəyimizdən asılı olmayaraq avrasiyaçılıq ideologiyası yaxın onillikdə Avropada ciddi siyasi diskussiyalara səbəb olacaq. Artıq belə diskussiyalar gedir. Məsələ bundadır ki, Avropada güc qazanan populist sağ təmayüllü hərəkatlar özünün antiliberal, ksenofob, qomofob və antiamerikan şüarları ilə Rusiyada təbliğ olunan avrasiyaçılıq ideologiyasına gözəl yaraşır” deyə alman radiosu bildirir.
“Deutsche Welle" qeyd edir ki, avrasiyaçılıq ötən əsrin 20-ci illərin sonlarında rus mühacirləri arasında, antiliberal, millətçi və antisemit elementlər arasında meydana çıxıb. Sovet İttifaqının dağılmasından sonra Rusiyada yenidən avrasiyaçılıq ideologiyasını yada saldılar. Baxmayaraq ki, bu ideologiya ayrı-ayrı siyasi avantüristlərin və qəsd nəzəriyyəçilərinin mövzusu idi.
Ancaq Putinin yenidən hakimiyyət başına qayıtması ərəfəsində-2011-ci ildən başlayaraq avrasiyaçılıq daha tez-tez gündəmə gəlməyə başladı. Təsadüfi deyil ki, Putin Fransada Marin Le Penin başçılıq etdiyi “Milli cəbhə” kimi sağ-populist partiyalara tərif deməkdə xəsislik etmir.
“Avrasiyaçılığın bəzən Rusiyaya Avropadan keçdiyini deyirlər. Ancaq bu səhvdir. Avrasiyaçılıq başqa konsepsiyadır, məhz antiliberal və antiamerikan Avropasıdır. Yəni Avrasiya İqtisadi İttifaqının özü yox, onun əsasında dayanan ideologiya Avropa üçün təhlükəlidir” deyə məqalədə vurğulanır.
“Deutsche Welle" hesab edir ki, Avropa qitəsində çoxları hələ bu təhlükəni dərk etmirlər. Avropada çoxları hələ də soyuq müharibənin bitməsindən eyforiyadadır. “Ancaq oyanmaq və 21-ci əsrin bu totalitar çağırışına qarşı həm siyasi, həm hərbi baxımdan hazırlaşmaq lazımdır” deyə radio bildirir.


Şərhlər